Generalı Susturan Bahәddin

Rәşid FAXRALI

/ Bu yazı yazıçının “Ömrün Üfüqlәri” kitabından (Bakı 1995, s. 21-28) alınmışdır /

 

 

Rәşid Faxralı’nın “Ömrün Üfüqlәri” kitabında kәndlimiz Әsәdov Bahәddin Cәmiyyәt oğlu haqqında maraqlı bir mәqalәyә rastladım. Onun sizlәrlә paylaşmaq istәyirәm.

Mәqalәdә haqqında bәhs edilәn Әsәdov Bahaәddinә uzun ömür, can sağlığı, işlәrindә müvәffәqiyyәtlәr arzulayıram.

E.A.

 

Әsәdov Bahәddin Cәmiyyәt oğlu 1949-cu ildә Qızılavar kәndindә doğulub. 

Bakı 29 nömrәli ŞPTM (orta)’dә oxuyub.

1968-1970-ci illәrdә Almaniyada hәrbi xidmәtdә olub.

1976-cı ildә Pirişibdә hәrbi hissәdә fәaliyyәtә başlayıb.

1980-1995-ci illәrdә Nasosnıyda aviasiya hissәsindә işlәyib.

1985-1988-ci illәrdә ayrıca Almaniyada baş praporşik starşina vәzifәsindә dә işlәyib.

1992-ci ilin mart ayından Azәrbaycanda milli ordunun quruculuğunda fәaliyyәt göstәrib.

1995-ci ilin sentyabr ayından pensiyaya çıxıb.

Rәssam-tәrtibatçılıq onun hobbisidir. Hәyatını bu hobbilәriylә mәşğul olmaqla dәvam etdirir.

*                *                      *

E’tibarlı mәnbәlәrdәn alınan informasiyalar tәsdiqlәyirdi ki, Rusiya tәyyarәlәri, hәrbi hissәlәrin tәrpәnmәz mülkiyyәtindәn savayı nәyi vardısa hamısını aparmaq niyyәtindәdir. Bu hәrbi hissәlәr yaradılmaqda olan aviasiyamız üçün әn uyarlı, iqtisadi baxımdan әn sәmәrәli mәnbә idi. Tarixi şәraitin vә’d elәdiyi imkân qәtiyyәt, cәsarәt sorağında idi.

1992-ci ilin yazı taleyimizә bu yönümdә nur çilәyә bilәcәkdimi?

Son ayların siyasi hadisәlәri, Rusiyanın Şimali Azәrbaycanda gedәn müharibәyә münasibәti (әslindә birtәrәfli müdaxilәsi), adı gedәn aerodromdan vertolyotların qaçırılması istәr Zaqafqaziya Hәrbi Dairәsindә, istәrsә dә bu hәrbi hissәlәrdә birmә’nalı qarşılandı: nә yolla olur-olsun Azәrbaycana öz aviasiyasını yaratmağa mane olmaq! Görәsәn Zaqafqaziya Hәrbi Dairәsinin komandanlığı vertolyotların qaçırılmasını MDB Silahlı Qüvvәlәrinә “qara lәkә” adlandıranda niyә Gümrüdә (Leninakanda) ermәnilәrin bütöv bir hәrbi hissәni “oğurladığını” dilә gәtirmirdi? “Xoruzun görünәn quyruğundan” imperiya buxovu sallanırdı vә bu buxov bir xalqın taleyinә yenidәn әsarәt, zәlillik ağrıları verәcәkdi…

Adı gedәn üç hәrbi hissәnin azәrbaycanlı zabit vә gizirlәri döyüş tәyyarәlәri eskadriliyasının yaradılması üçün nәsә elәmәyin vaxtı çatdığını qәtilәşdirmişdi. Onu da duymuşdular ki, tәyyarәlәrin aparılması, hәrbi hissәlәrin köçürülmәsi bu gün-sabahlıqdır…

Faxralıda eşitdiyim bir hadisә düşür yadıma: Ahıl bir ağsaqqalın kәrkisi itibmiş, oğurlayıbmışlar. Ağsaqqal asılanır, dinclik tapmır. Soraqlayır, gördüm deyәn olmur. Külfәti kişinin şam kimi әridiyini görüb ona tәsәlli vermәk istәyir: “A kişi, naşükür olma, Tanrının bәrәkәtindәn heç nәyә ehtiyacın yoxdu. Bir kәrki nәmәnәdi ki, ondan yana bu qәdәr xiffәt elәyirsәn?”.

Kişi әlindә qara bir daş parçasına dönmüş bülövü taxtın altına atıb dillәnir: -İş kәrkidә deyil, arvad. Qorxuram naşı әlinә keçә, onu tәrsinә bülövlәyә.

Hәrbi hissәlәrin köçürülmәsinә hazırlıq gedirdi. Bunun qarşısını almaq lazım idi; tәyyarәlәr Rusiyaya deyil, Ermәnistana da ötürülә bilәrdi. Silahlı Qüvvәlәrimizin sәrәncamında MİQ-lәr dә olsaydı bәlkә dә әsrin faciәsi namәrd tanklarının tırtıllarında üzü Xankәndindәn Xocalıya yol gәlә bilmәzdi, heç olmasa faciәnin bu hәddә әl-qol açmasının qarşısı alınardı. Olan oldu, heysiyyәtimizә dağlar çәkildi Xocalıda. Xocalıda atılan mәrmilәr, güllәlәr hәlә dә canımızda-qanımızda gәzinmәdәdir…

Aerodrom rus hәrbçilәrinin ailәlәrinin vә ev әşyalarının köçürülmә mәntәqәsi vәzifәsini yerinә yetirsә dә tә’lim uçuşları davam edirdi. Qrup halında tә’lim uçuşlarının birindә tәyyarәlәrin öz anqarlarına qayıtmayacağı ehtimalı da yox deyildi. Kim zәmanәt verә bilәrdi ki, rus hәrbçilәrinin vә’dlәri “baş altına yastıq qoymaq” deyildi?

Aerodromdan yük tәyyarәlәri dә uçurdu, hәr gün iki-üç tәyyarә yola salınırdı. İL-76-larda nәlәr daşınırdı, nәlәr gedirdi? - bilәnimiz yox idi. Mә’lum olan tәkcә bu idi ki, aparılanlar (daşınanlar) - istәr aparat olsun, istәr hәrbi sursat, istәrsә dә kiçik ölçülü bir vint, detal - respublikamızın hәrbi qüdrәtini azaldırdı; әbәs yerә deyilmәyib ki, “dama-dama göl olar, dada-dada heç”. Bu әrәfәdә nәsә edilmәliydi, yoxsa “fәlәk vurub yan salandan sonra” әl-ayağa düşmәyin bir qara qәpik qәdәrincә dә dәyәri olmayacaqrı.

May ayının ortaları idi. 40408 nömrәli hәrbi hissәnin üç giziri – Әnnağı Nurәliyev, Afiz Rızayev vә Vәfadar Babayev hәmin hәrbi hissәnin baş giziri Bahәddin Әsәdovla bu daşınmanın qarşısını necә almaq haqda mәslәhәtlәşdilәr. O vaxtlar Afiz Rızayevdә Silahlı Qüvvәlәrimizin Baş Qәrargah rәisinin imzası ilә sәlahiyyәt sәnәdi vardı. O, adı gedәn üç hәrbi hissә üzrә baş qәrargah rәisinin sәlahiyyәtli nümayәndәsi tә’yin olunmuşdu. Afiz bu hәrbi hissәdә cәmi üç aydı xidmәt edirdi vә onu burada az tanıyırdılar, ona az e’tibar edirdilәr. Mәhz buna görә dә Afiz nәyi necә elәmәyi Bahәddinlә mәslәhәtlәşmәyi lazım bilmişdi. Doğrudur, Afiz dә malik olduğu sәnәdlә nәsә elәyә bilirdi, lakin bunlar kifayәtlәndirici deyildi. Hәm dә o, hәr xırda mәsәlәdәn ötrü hәrbi hissәnin komandirinin, qәrargah rәisinin kabinetlәri qarşısında saatlarla vaxt itirirdi, bә’zәn dә onu iş işdәn keçәndәn sonra qәbul edirdilәr. İkinci bir hәrbçi dә belә bir sәlahiyyәt sәnәdi ilә onun sözünә söykәk olsaydı…

Mart ayının 16-da Bahәddin Әsәdov yoldaşlarının, bu anlamda mәslәkdaşlarının mәslәhәti ilә Müdafiә Nazirliyindә oldu, hәrbi hissәlәrdәki mövcud vәziyyәti, onu nazirliyә gәtirәn sәbәblәri izah elәdi. Tәәssübkeşliyә, milli heysiyyәtә söykәnәn yarım saatlıq söhbәt sәmәrәsiz olmadı. Ayın 23-dә ona müdafiә nazirinin imzası ilә rәsmi sәnәd verildi:

93952, 40408 vә 06930 nömrәli hәrbi hissәlәrin komandirlәrinә:

Hәrbi hissәlәrinizin lәğvedilmә әrәfәsindә aerodromun e’tibarlı mühafizәsi, yola salınan hәrbi qulluqçuların ailәlәrinin tәhlükәsizliyi, hәrbi hissәlәrin әmlakının qarәt olunmasının qarşısının alınması üçün baş gizir Bahәddin Cәmiyyәt oğlu Әsәdova vә onunla olan әsgәrlәrә müqavimәt göstәrmәmәyinizi, aerodromun fәaliyyәtinin dayanmaması üçün ona kömәk göstәrmәyinizi xahiş edirәm. Avtotexnikanın vә radiotexniki avadanlıqların, hәrbi sursatın nәinki respublikanın hüdudlarından kәnara daşınmasını, ümumәn onların hәrbi hissәlәrdәn çıxarılmasını qadağan edirәm. Tam qarşılıqlı güzәştә vә razılaşmaya tә’minat verirәm.

Vәziyyәt getdikcә gәrginlәşirdi. Azәrbaycanlı gizir vә zabitlәr müxtәlif bәhanәlәrlә tutduğu vәzifәnin icrasından az müddәtә dә olsa kәnarlaştırılırdı. Kәnarlaşdırılmayanlara da silah e’tibar edilmirdi. Görünür, komandirlәr yaxınlaşmaqda olan qarşıdurmada üstünlüyә malik olmağı, mәhz bu üstünlükdәn istifadә edib tәyyarәlәri respublikamızın hüdudlarından kәnara çıxartmağı qәrara almışdı. Mart ayının 17-dә hәrbi hissәlәrin әksәr zabit vә gizirini qısamüddәtli mә’zuniyyәtә buraxdılar. Novruz bayramını ailәlәri ilә birgә qarşılamalarına şәrait yaratdıqları üçün onlara minnәt dә yüklәdilәr.

Hәlә ki, anqarları, aerodromu rus hәrbçilәri mühafizә edirdi.

Tәyyarәlәr ayın 20-dә Rostov şәhәrinә aparılacaq: Bahәddin bu qiymәtli informasiyanı rus zabitlәrindәn öyrәnmişdi. Necә mane olmalı? Bu, taleyüklü sual idi vә bu sualın әmәli cavabını Bahәddinin rәhbәrlik elәdiyi qrup tapacaqdı.

Bahәddinә tәyyarә mexaniki kiçik çavuş Rauf Sultanov kömәk edәcәkdi.

Bu gecә adi gecәlәrdәn deyildi. Qaranlığı, milyonlarla axıb keçmiş gecәlәrin qaranlığına bәnzәyirdi, özü isә aydınlıqlara açılan gecә idi. Bu gecәnin içindәn keçib görәcәklәri işә qәnşәr getdilәr. Keşik çәkәn rus hәrbçilәrini yuxuya verib anqarlara sarı irәlilәdilәr. Saat 24 idi. Әllәrindәki kәlbәtin bu an hәr cür silahdan güclü idi. 11 tәyyarәnin tәkәrlәrini boşaltdılar…

… Tәyyarәlәr Rostova uça bilmәdi. Bu, böyük mәqsәdә doğru atılmış ilkin addım idi. Diğәr tәrәfdәn, hәrbi hissәnin komandirliyi anladı ki, tәyyarәlәrin respublikadan kәnara çıxarılması asan olmayacaq, buna mane olacaq real qüvvә – hissәdә fәaliyyәtdә olan qrup var. Sәhәrisi gün hәrbi hissәlәrin vә aerodromun qәlәbәlik olan yerlәrinә vәrәqәlәr yapışdırılmışdı: “Uvajaemıe! Texniku (tәyyarәlәr nәzәrdә tutulur – R. F.) ne troqat, polyetı opasnı dlya jizni letchikov! Mestnıe”. Vәrәqәlәr tә’sirsiz ötüşmәdi, ehtimal edilәn nәticәni verdi. Pilotlar nәinki tәyyarәlәri aparmaqdan imtina etdilәr, hәtta tә’lim uçuşlarından da yayınmağa çalışırdılar.

Pilot psixologiyasının belә bir çaları da var: uçuşa hazırlaşan pilota üç kәlmә söz demәk kifayәtdir ki, o, uçuşdan imtina elәsin: “Sağ qayıdacağına әminsәnmi?” Hәrbi hissәlәrin vә aerodromun müәyyәn yerlәrinә yapışdırılmış o vәrәqәlәr bu üç kәlmә sözün әvәzlәyicisi idi…

Belә bir vәziyyәt Zaqafqaziya Hәrbi Dairәsi komandanlığını narahat etmәyә bilmәzdi. Divizya komandanı general Qalkin dәfәlәrlә tәlәb elәmişdi ki, tәyyarәlәr yenidәn reqlament keçsin. Lakin yüksәk çinli bu hәrbçinin әmri “buz üstә yazılıb gün altına qoyulan” söz misallı olurdu. Әslindә reqlament keçmә üçün dә xeyli vaxt lazım idi; texniki istismar hissәsindә hәr işlәk detal ayrıca yoxlanılmalı, tәyyarәyә ümumi xidmәt göstәrilmәli idi. Baş gizir Bahaәddin Әsәdovun hәrbi hissәnin komandirinә (hәmçinin 40408 nömrәli hәrbi hissәnin komandirinә dә) tәqdim elәdiyi sәnәd generalın qәzәb, kin qarışıq әmrindәn güclü imiş; o sәnәd tәqdim edilәndә “unutmayın ki, siz illәrlә Azәrbaycanın havasını udub, suyunu içmisiniz, çörәyini yemisiniz. Vә hәmişә dә kişilik sağlığına badә qaldırıbsınız. Şәrәfinә badә qaldırdığınız kişilik mәqamıdır, kişi yaxşılığı itirmәz. Kәsdiyiniz, yediyiniz çörәyi tapdamayın” sözlәri 40408-in komandirinin düşüncәlәrini silkәlәmişdi. Vә general Qalkinin әmri hәm dә bu sәbәbdәn başa varmırdı (mәni ruspәrәstlikdә ittiham bir yana, heç qınamağa da meyllәnmә, oxucu qardaş, oxucu bacı. Mәnim sevgimin dә, nifrәtimin dә ünvanı, hәddi sizlәrlә әvvәlki kitablarımdan bәllidi)…

İyun ayının 8-dә 40408 nömrәli hәrbi hissәdә xidmәt edәn 21 nәfәr hәrbi qulluqçu Silahlı Qüvvәlәrimizin sәrәncamına keçmişdi. Onlar bu hәrbi hissәnin әmlakının vә tәyyarәlәrin mühafizәsinә cәlb edildi. Müdafiә nazirinin hәmin tarixli 0356-PM nömrәli әmri ilә mühafizә rotasının şәxsi hey’әti müәyyәnlәşdirildi. Kim idi onlar? -

Baş gizir Bahәddin Cәmiyyәt oğlu Әsәdov;

Gizir Bәhram Bahәddin oğlu Әsәdov (o, atası ilә eyni hәrbi hissәdә xidmәt edirdi);

Gizir Müsadiq Mәmmәdağa oğlu Xudaverdiyev;

Gizir Sәmәdağa Mәmmәdağa oğlu Xudaverdiyev (o, Müsadiqin qardaşıdır);

Gizir Rәhim Hәsәn oğlu Hәsәnov;

Gizir Mәmmәd Mustafa oğlu Musayev;

Gizir Әbil Xası oğlu Rәhimov;

Gizir Sәid Camalәddin oğlu Mәmmәdәliyev;

Gizir Almaz Әziz oğlu Allahverdiyev (SU-25 üzrә mexanik idi);

Gizir Zülfüqar Aydın oğlu Әlәkbәrov;

Gizir Әnnağı Qayıbalı oğlu Nurәliyev;

Kapitan Valeri Әşrәfoviç Mirzәyev (o, xidmәtin aparılmasına nәzarәt üzrә böyük idi);

Baş leytenant Bәhman Tomu oğlu Qoşqarov;

Gizir Azad Çәlәbi oğlu Ramazanov;

Gizir Minasib Әhmәd oğlu Ramazanov

(6 nәfәr müxtәlif sәbәblәrә görә hәrbi hissәnin әmlakının vә tәyyarәlәrin mühafizәsindә iştirak elәmәdi).

Onlara 6 әdәd avtomat, 2 әdәd tapança verildi. Dövran yavaş-yavaş dәyişirdi. Rәhmәtlik Sәmәd Vurğunun “dünәn dövran sürәn bu gün can verir” kәlamı poetik söz yükündәn qopub reallığa qovuşurdu – aerodromda, әsas postlarda daha rus hәrbçilәri deyil, aviasiyamızın bu cәfakeşlәri dayanırdı; silah anbarından savayı. Mühafizәnin asanlaşdırılması üçün üç eskadriliyanın tәyyarәlәrini bir yerә cәmlәşdirdilәr. Buna hәrbi hissәnin komandiri dә mane olmadı. Nә yaxşı? -  bu düşündürücü suala cavab almaq, Ruslarda bu insafın hardan yarandığını qәtilәşdirmәk üçün 3 faktı xatırlamaq kifayәtdir, zәnn edirәm.

Mayor Redkinlә bir gizirimiz arasında münaqişә olmuşdu. Bahәddin Әsәdov müdafiә nazirinin sәlahiyyәt sәnәdinә istinad etmәklә tәrәflәrә tә’sir göstәrә bildi. Zabit Xondakovun külfәtini tәhqir elәmişdilәr. Bahәddin eyni yolla onun da könlünü aldı. Gizir Ә. Sәfәrov Vorontsovu tәhqir elәmişdi. Bahәddin daha iki hәmkarı ilә Vorontsovla görüşüb söhbәt elәdi: respublikada müharibә gedir, әrazilәrimiz işğal olunur, milli heysiyyәt hәrbçilәrin dә әsәblәrini sarsıdıb. Vorontsov Sәfәrovun günahından keçdi.

Bahәddini özümüzünkünü Rusların ayağına vermәkdә, mәni isә Bahәddinә haqq qazandırmaqda suçlamayın, hәmin әrәfәdә Sumqayıt şәhәri üzәrindә bir qırıcı tәyyarәnin yarım saatacan plandankәnar qәrәzli uçuşunu xatırlayın – pilotun (o, eskadriliya komandiri idi) UAZ markalı maşını qaçırılmışdı vә o, bu itkiyә әvәz çıxmaq üçün әhalini vahimәyә salmışdı. Bu anlamda o vaxtlar rus zabitlәrini incitmәk mәqsәdәuyğun deyildi.

Hәrbi hissәlәr iki niyyәtin ortaq mәkanı idi; Rusiya eskadriliyalarını köçürmәk, Azәrbaycan isә vәtәnpәrvәr zabit vә gizirlәrin timsalında bunun qarşısını almaq istәyirdi. Son hadisәlәrdәn sonra (Rostova uçuşun qarşısının alınması, vәrәqәlәr, reqlament aparılmaması vә s.) istәr hәrbi hissәlәrin komandirlәri, istәrsә dә diviziya komandiri әmin olmuşdu ki, tәyyarәlәrin aparılmasına dair mәxfi plandan azәrbaycanlılar xәbәrdardır. Azәrbaycanlı zabit vә gizirlәrә dә aydın idi ki, tәyyarәlәrin respublikamızda saxlanılması fikri Zaqafqaziya Hәrbi Dairәsi komandanına mә’lumdur; әslindә açıqlanmış niyyәti gizlәtmәyә lüzum da yox idi. “Qalan işә qar yağar” deyimi vәtәnpәrvәrlәri açıq mübarizәyә hәvәslәndirdi. Günlәrin hәr anı bir ömür qәdәrincә uzun keçirdi. Hәlә ki, tәyyarәlәr Rusiyanın sәrәncamında olan aerodromun anqarlarında idi, onları bu günәdәk aviasiyamızın potensialına әlavә edә bilmәmişdik. Düşmәnin işğal ünvanı olan torpaqlarımız hәlә dә tәyyarә sәsinә uçunurdu…

Ruslar onları qaçırmaq istәsәlәr belә hәrbi hissәdәki bombardmançı tәyyarәlәr eskadriliyasından bir neçә tәyyarә saxlamaq mümkün idi. Eskadriliyanın texniki-istismar hissәsinin işçisi Zahid tәyyarәlәrdәn әn azı ikisini saxlamağın mümkünlüyünü bildirmişdi; “uçuş әrәfәsindә nәsә elәyә bilәrәm” – inam vardı Zahidin sәsindә. Lakin sabiq müdafiә naziri R. Qazıyev onları bu işdәn çәkindirmişdi. “Danışmışıq, tәyyarәlәrin beşi bizә qalacaq”,-demişdi, vәtәnpәrvәrlәri arxayınlaşdırmışdı. Lakin… vә’dә günü nәinki tәyyarә, heç ehtiyat hissәsi dә qalmamışdı. Hәtta aerodromda yanğın da törәdilmişdi. Heyif o tәyyarәlәrә, heyif o yanıb külә dönәnlәrә…

Belә bir mәqamda faxralılar deyirlәr: yetim böyüyüb, Әzrayılın paxıllığı özünә qalır…

…May ayının 1-i idi.

93952 nömrәli hәrbi hissәnin nәzarәt-buraxılış mәntәqәsindә Azәrbaycanın dövlәt bayrağı dalğalanırdı. Üçrәngli bayrağımız biganәliyә, yamanlığa, xәbisliyә meydan oxuyurdu, yad istәyinin yaxasından tutub silkәlәyirdi. Göy üzü gülümsәyirdi. Göylәrin qaraca buludları seyrәlmәkdә idi. Hәmin gün hәrbi hissәyә gәlәn general Qalkin (son vaxtlar onun belә gәlişlәri tez-tez olurdu vә güman ki, bu gәlişlәr hәrbi hissәlәrin mülkiyyәtinin, hәmçinin tәyyarәlәrin köçürülmәsi ilә bağlı idi) bayrağın yaxınlığında dayanıb onun müstәqillik mayalı dalğalanmasını qürrә ilә müşayiәt elәyәn baş gizir Bahәddin Әsәdovu sorğuya tutdu; general hirslәnmişdi, içinin nifrәti gözündә cәmlәnmişdi. Aralarında belә bir mükalimә oldu:

- Bu nә bayraqdır belә? Hanı öz bayrağımız?

- Bundan savayı hansı bayraq taxılmalıdır ki, cәnab general? Öz bayrağımız elә budur.

- Necә yә’ni hansı bayraq? SSRİ-nin bayrağı.

- O bayraq urvatsız bir әski kimi kәnara tullandı.

- Rusiyanın bayrağını taxın! Ru-si-ya-nın!

- Axı bura Rusiyanın әrazisi deyil, cәnab general!..

“Daş qayaya rast gәlmişdi”. Mәsәlәni böyütmәk istәmәyәn general bu mәntiq müqabilindә dil tәrpәdib bircә kәlmә dә söz deyә bilmәdi, hәm dә öz qürurunu uduzmaq istәmәdi – azәrbaycanlı gizir rus generalını susmağa vadar elәmişdi…

O vaxtlar hәlә Şahin Musaoğlu “Dalğalansın üfüqlәrdә aylı, ulduzlu bayraq” mahnısını yazmamışdı, hәlә Şәmistan Әlizamanlı o mahnını ifa elәmәmişdi – o mahnı yazılmış olsaydı, Bahәddin bu anlarda hәmin mahnının ovqatına bәlәnәrdi, o mahnını zümzümә elәyәrdi…


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz