Dәllәkoba kәndindә kollektivlәşmәyә aid bә’zi faktlar

Uğur Ağayev

Tarixçi

Qeyd: Bu yazını 14 il әvvәl Uğur müәllim hazırladı. Kәnd tarixini danışan Şamil kişi 2011-ci ildә vәfat etdi. Allah onu rәhmәt eylәsin. Mәkanı cәnnәt olsun... Şamil kişi kimi kәnd tariximizi bilәn daha çox yaşlı insanlarımız var. İnanıram ki gәnc nәsil onları danışdırıb kәndimizin daha çox tarixini üzә çıxaracaqlar...

1920-ci il aprelin 27-dә Sovet Rusiyasının hәrbi dәstәyi nәticәsindә Azәrbaycan Xalq Cumhuriyәti devrildi. 28 apreldә Azәrbaycan Sovet Sosialist Respublikasının yaradıldığını bolşeviklәr rәsmәn e’lan etdilәr.

Mayın 19-da Azәrbaycan SSR-in ilk Konstitusiyası “qәbul olundu”. Konstitusiyada xalq tәsәrrüfatının sosialistcәsinә bәrqәrar edilmәsi nәzәrdә tutulurdu. Lakin bolşeviklәrin әn böyük sәhvi Rusyanın tәcrübәsini kor-koranә Azәrbaycanda tәtbiq etmәk idi. Yeni tәsәrrüfat modelinin әsl mahiyyәtini başa düşmәyәn Azәrbaycan kәndlisi böyük fәlakәt qarşısında idi…

1929-cu il 28 dekabrda Dәllәkoba kәndindә kolxoz tәşkil olunur. Bu illәrdә kәndimizdә baş verәn ictimai-siyasi proseslәri yaxından izlәmәk üçün kәnd ağsaqqalı Şamil Mәhәmmәd oğlu Әliyevlә görüşmәyi qәrara aldım.

Şamil kişi nәql edir ki, kolxoz tәşkil olunduqdan sonra xüsusi mülkiyyәt sahibi olan kәnd әhalisinin siyahısı tutulur. Bu siyahılarda hәtta әhalinin neçә baş kәli, kotanı, araba vә şanası (taxtadan hazırlanan yaba formalı alәt) olduğu qeyd edilmişdi. Bütün bunlar kәndin Kırçoba mәhәllәsindә bir yerә toplanmışdı.

Şamil kişi sonra qeyd edir ki, әhalidәn müsadirә olunanlar elә kolxozun öz işçilәri tәrәfindәn oğurlanırdı. Mәsәlәn: bir gecәdә 5 at, 1 öküz, 1 kotan oğurlanır.

Sözünә davam edәn Şamil kişi daha maraqlı bir fakt da söylәyir: “Bizim hәyәtimizdә böyük bir anbar var idi. Hәmin anbarın tikinti materiallarını Rusiyadan rayonumuzun Qızılağac kәndinә paraxodla gәtirmişdilәr ve tәkcә taxta şalbanların uzunluğu 12 metrә çatırdı. Anbarı kolxozun hәyәtinә aparmaq üçün Әrkivanlı usta Qәdir dörd böyük çarx düzәldir vә bu çarxların vasitәsilә böyük bir araba qayrılır. Anbar olduğu kimi arabanın üstünә qoyulur vә aparılır. Sonra isә hәyәtdәn 2 min kirәmit dә arabalara yüklәnәrәk kolxozun hәyәtinә daşınır”.

Daşınan anbarın nә böyüklüyündә olduğuna gәldikdә isә Şamil kişi 10-15 min ton taxılın belә anbarda yerlәşdiyini qeyd etmişdir.

Dәllәkoba kәndindә hәmçinin Rüstәm Qәnbәrovun vә Kәrbәlayi Әvәzin hәyәtindә dә belә anbarlar olmuşdur vә hәr ikisi dә yuxarıda dediyimiz kimi müsadirә edilmişdir.

Dәllәkoba kәndindә kolxoz tәşkil olunduqdan sonra kimlәrin burada kolxoz sәdri işlәdiklәrini Şamil kişi belә dedi:

  1. Әrkivanlı Yadulla (1930-1933)
  2. Xıllı Tәrlan (1933-1935)
  3. Abuş (1935)
  4. Әli Mahmudov (1935-1941)
  5. Fatma Cәfәrova (1941-1943)
  6. Cәbrayıl Qurbanov (1943-1950)

    1950-ci ildә M. Litfinov adına Qızılavar kolxozu ilә M. F. Axәndov adına Dәllәkoba kolxozu birlәşdәrәlәr. Bu vaxta qәdәr rayonun müxtәlif kәndlәrindә hesabdar işlәmiş Mәmmәdәli Sadıxov birlәşmiş kolxozun ilk sәrdi tә’yin olunur.

    09.06.2004


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz