Kəndimizin ilk traktorçu qadını: Aminə Fətullayeva

Elnur AĞAYEV / Tarixçi

QEYD:

Yenə 14 il əvvəl yazdığım bir yazını paylaşıram. Yazı İkinci Dünya Müharibəsi illərində arxa cəbhədə qəhrəmanlıq göstərən bir anamız haqqındadır: Aminə  Fətullayeva haqqında. Əslində bu yazı sadəcə Aminə ana haqqında deyil, onun şəxsində o illərdə arxa cəbhədə qəhrəmanlıq göstərən bütün analarımız, nənələrimiz haqqındadır...

Keçən illərdə Aminə ana vəfat etdi. Allah Aminə anaya və o illərdə arxa cəbhədə qəhrəmanlıq göstərib ama bu gün dünyasını dəyişən bütüm nənələrə, analara rəhmət eyləsin.  

 

1939-cu ildə İkinci Dünya Müharibəsinın başlamasıyla bütün dünya insanlarının, o cümlədən kəndimizin insanlarının da firavan həyatı pozuldu. 1941-ci ildə Almaniyanın Sovetlər Birliyinə hücum etməsi nəticəsində isə bütün Sovet xalqı Sovetlər ölkəsinin müdafiəsinə qalxdı. Minlərcə, on minlərcə kişi ailələrini arxa cəbhədə qoyaraq ön cəbhəyə, müharibənin od-alov meydanına yollandı.

Kəndimizdən də 198 kişi ön cəbhədə vətənin müdafiəsi üçün vuruşdu, qəhrəmanlıqlar göstərdi. Fəqət, bu qəhrəmanların 108-i vətəni üçün, xalqı üçün, gələcəyimiz üçün müharibə meydanlarında şəhid oldu. Şəhid olmalarıyla da kəndimizin adını bir daha tarixə yazdılar.

Ön cəbhədə igid gənclərimiz vuruşarkən, qəhrəmanlıqlar göstərib şəhid olarkən, bu qəhrəmanlığın digər bir nümunəsini arxa cəbhədə nənələrimiz, analarımız göstərirdi. Nənələrimiz, analarımız bir tərəfdən ön cəbhədəki igidlərimizə isti paltar, yemək köməyi edərkən, digər tərəfdən də arxa cəbhədə atalarının, ərlərinin, qardaşlarının da işlərini öz öhdələrinə alırdılar. Və bu işləri də axsatmamağa çalışırdılar.

Bu yazıda, arxa cəbhədə vuruşan qəhrəman analarımızdan biri, kəndimizin ilk tarktorçu qadını olan Fətullayeva Aminə Heybət qızı haqqında söhbət açacağız.

Müharibə başlayanda Aminə gənc bir qız idi. Yeni nişanlanmışdı. Xoş arzularla yaşayırdı. Firavan bir ailə həyatı qurmağı düşünürdü. Fəqət, gözlənmədən gələn müharibə xəbəri çox sayıda qızlar kimi, Aminənin də arzusunu yarıda qoydu. Nişanlısı ön cəbhəəyə yollandı. Sonra da ölüm xəbəri gəldi...

... Dolanışıq çox ağırlaşmışdı. Həm ailəyi keçindirmək, həm də ön cəhbəyə kömək etmək lazım idi. Bunun üçün də Aminə 1940-cı ildə Masallıda MTS’də traktorçu kursuna başladı.

O günün şərtlərində payi-piyada dərsə getdi. 6 ay kursa davam etdi. Dərslərə çox yaxşı hazırlaşırdı. Traktorçuluq sənətinin sirlərini öyrəndi.

6 aydan sonra isə tarlalarda işə başladı. Həsənli, Xocavar və digər kəndlərdə əkin-biçim işlərində traktorçu olaraq işlədi. Bir qram taxılı belə xarab etmədən yığmaq üçün yorulmadan işlədi.

Traktorları xarab olanda isə mexanizator Vasilidən kömək istədilər. Rus olan Vasili bütün traktorçuların köməyinə çatırdı...

Əmək haqqı olaraq adam başına 500 qram taxıl verilirdi. Aminə ailədə 4 nəfər idilər: anası, 2 qardaşı və özü. Gündə 2 kq taxıl alırdılar.

Amənin o illərdən yadında qalan bir çox xatirələri var. Onlardan birini heç yaddan çıxarmır:

“Bir gün Həsənli kəndində işdən qayıdanda gördük ki, taxıl zəmisi yanır. Taxıl zəmisinin qaravulçusunun qızı da bizimlə işləyirdi. Yanğınsöndürmə məntəqəsi rayon mərkəzində idi. Telefon da yox idi ki, onlara xəbər verək köməyə çağırak. Yanğın isə getdikcə böyüyürdü. Sonunda mən dedim ki, gəlin hər kəs traktoruyla taxıl zəmisinə girsin və zəminin alov olan hissəsini digər hissəsindən ayıraq. Briqadirimiz Çimnaz və digər qızlar buna razı olmadılar. Çünkü bir tərəfdən yanğının qarşısını alarkən, digər tərəfdən taxıl zəmisinin bir hissəsi məhv olacaqdı. O zamanlar isə bir qram taxılı məhv eləmək üstündə insanı həbsxanaya salardılar.

Mən heç kimə qulaq asmadan traktorumu işə saldım və uzun bir yeri şumlayaraq alovu digər hissədən ayıra bildim. Alov traktora da tə’sir edə bilərdi. Amma, neyləmək olardı, yanğının qarşısını almaq lazım idi.

Sonra rayondan bir neçə nəfər gəldi. Taxıl zəmisini traktorla xarab eləyəni soruşdular. Heç kimdən səs çıxmadı. Mən bu işi boynuma aldım.

Hamı məni tutub həbsxanaya salacaqlarından qorxurdu.

Məni rayon mərkəzinə gətirdilər. Amma, rayonda bu iş üçün məni təbrik etdilər. Dedilər ki, sən bu işinlə sanki müharibədə düşmən üzərində qələbə çalmısan.

Bu qələbəm üçün mənə bir qutuda ərzaq və bir dəst də kişi kostyumu verdilər.”

Digər bir hadisə də dünən olmuş kimi Aminənin gözü qarşısındadır:

“Müharibənin çətin vaxtları idi. Bir də xəbər gəldi ki, traktor sürən qadınları da tank sürmək üçün ön cəbhəyə aparacaqlar. Bizi də çağırdılar. Vayonkomata getdik. Yoxlamadan keçdik. Amma, daha sonra xəbər gəldi ki, partiya rəhbərliyi Azərbaycanlı və Müsülman qadınların tankçı olarak müharibəyə getmələrinə razı deyil. Və bundan sonra bizi geri göndərdilər.”

Müharibə qurtaran illərə qədər Aminə tarktorçu olarak işlədi. Amma, müharibə qurtardıkdan və kişilər cəbhədən qayıtdıqdan sonra Aminə traktorçuluğu buraxdı.

Bir neçə il Boradigahda uşaq evində kimsəsiz uşaqlara baxdı. Burada işləyən cəmisi üç nəfər idi. Amma, baxdıqları uşaqlar isə 32 nəfər idi. Onları böyütdülər, hətta bir neçəsini də evləndirdilər.

Aminə Fətullayevanın müharibə illərindəki zəhməti unutulmadı. Bu zəhmətləri dövlət tərəfindən medallarla qiymətləndirildi. 1947-ci ildə “1941-1945-ci il Böyük Vətən Müharibəsində əməkdəki şücaətinə görə”, 1975-ci ildə “1941-1945-ci il Böyük Vətən Müharibəsinin 30 illik qələbəsi” xatirə medalı və 1975-ci ildə “Əmək Veteranı” medalları ilə təltif edildi. Bu medallar bu gün Aminə ananın pensiyasına az da olsa təsir edir.

Aminə ana müharibədən sonra İrac kişi ilə evləndi və firavan bir ailə qurdu. Evladlar böyüdüb tərbiyə etdi. Vətənə layiqli və fədakar evladlar böyüdüb tərbiyə etdiyi üçün də analıq medallarıyla təltif olundu.

İrac kişi bir neçə il qabaq vəfat etdi. Aminə ana gözləri zəyifləməsinə baxmayaraq yenə mərd, güclü, quvvətlidir.

Aminə ana yenə narahatdır. İndi onu narahat edən isə Qarabağ problemidir. Bəzi gənclərin əsgərlikdən boyun qaçırmasıdır. Böyük Vətən Müharibəsinin acısını, ağrısını yaşayan, his edən Aminə anaya, bu gün torpaqlarımızın düşmən əlində olması və bəzi gənclərimizin buna laqeyd münasibət bəsləməsi həqiqətən çox ağır gəlir...

Aminə ana, inanırıq ki, çox yaxın vaxtlarda sənin bu narahatlığın da sona çatar və Vətənimizin hər yerində yenidən firavan bir həyat qurular. Müharibə istəməyən ancaq, müharibəyə hazır olan gənclərimizin cərgələri daha da gürlaşar.

Aminə ana, arzumuz budur ki daha çox yaşayasınız, Çünkü bizim, sizin kimi analara, böyüklərə, qəhrəmanlara hər vaxt ihtiyacımız var.

 

Tarixçə jurnalı, İyul-Dekabr 2004, no. 3-4, s. 12-13.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz