Böyük Vətən Müharibəsi Qəhrəmanlarımız: Həsənov Dövlət Hacı oğlu

Elnur AĞAYEV / Tarixçi

QEYD:

14 il əvvəl yazdığım bu yazını bugünkü qələbə günü münasibətiylə səyifəyə yerləşdirirəm...

Tarixçə jurnalı, İyul-Dekabr 2004, no. 3-4, s. 10-11.

Mə’lum olduğu kimi, Böyük Vətən Müharibəsində iştirak edən kəndlilərimizdən 108 nəfər müharibə meydanlarından geri qayıtmayıb. 90 nəfəri isə bə’zi yaralar, bədən xəsarətləri alsalar da müharibənin od-alovundan sağ qurtularaq geri dönmüşlər, həyatlarına davam etmişlər. Bu gün onların da bir çoxu vəfat etmiş, az bir hissəsi isə ömür sürməkdədir.

Müharibədən geri qayıdanların aqibətləri məlumumuzdur. Bəs müharibədən geri qayıtmayanların aqibətləri necə olmuşdur? Necə qəhrəmanlıqlar göstərmişlər? Sağ qalanları olmamışdırmı? Hamısı müharibə meydanlarında şəhid olmuşlarmı?  

... Bir gün dərsdən çıxarkən eyni fakültətdə oxuduğum dostum Ziya (Ziya rayonumuzun Xıl kəndindəndir) dedi ki, gəl bu axşam mənimlə bir yerə qonaq gedək, səni orda marağlı bir adamla tanış edəcəyəm. Axşam Ziya ilə Ankaranın Seyranbağları səmtindəki bir evə qonaq getdik. Bizi yaşlı bir kişi və bir az da ondan gənc olan bir qadın qarşıladı. Ziya bizi tanış etdi. Kişi 1941-ci ildə Böyük Vətən Müharibəsinə gedən Xıl kəndindən olan Xanlar kişi, qadın da onun həyat yoldaşı idi.

Xanlar kişi o axşam bizə müharibə haqqında maraqlı söhbətlər etdi. Xanlar kişi müharibədə Almanlara əsir düşür. Sonra da Türkiyə ilə Almanya arasında bağlanan müqaviləyə əsasən Azərbaycanlı əsirlərin bir hissəsi Türkiyəyə verilir. Türkiyəyə gələn əsirlərə Türkiyə Höküməti ev, torpaq verir, həyatlarını sürmələri üçün yaxşı şərait yaradır. Türkiyəyə gələn Xanlar kişi də burada ev sahibi olur, ailə qurur. İndi biri Amerikada, biri də Türkiyədə yüksək vəzifədə işləyən iki oğlu var.

Xanlar hər zaman vətən həsrəti çəkir, amma “geri dönərsəniz əsir düşdüyünüz üçün sizi öldürərlər” qorxusuyla vətənə dönə bilmir. Və Sovetlər Birliyinin dağılmasından sonra doğma Xıl kəndinə gəlir, həyatda qalan yaxınları ilə görüşür. Ən kədərli anı isə kəntdə Böyük Vətən Müharibəsindən qayıtmayanların xatirəsinə ucaldılan abidəni ziyarət edərkən yaşayır. Çünkü onun da adı orada geri qayıtmayanların siyahısında idi...

Buna oxşar hadisələrə rayonumuzun, umumiyyətlə Azerbaycanın bir çox yerlərində rast gəlmək mümkündür. Böyük Vətən Müharibəsindən geri qayıtmayan kəndlilərimizin bə’zilərinin xarici ölkələrdə yaşadıqları, onları xarici ölkələrdə görənlər olduğu haqqında bir vaxtlar kəndimizdə də xəbərlər yayılmışdı.

Umumiyyətlə demək istədiyim, Böyük Vətən Müharibəsindən geri qayıtmayanların hamısının müharibə meydanlarında şəhid olmadığı, bə’zilərinin xarici ölkələrdə yaşaya biləcəkləri, bəzilərinin isə aqibətlərinin mə’lum olmadığıdır.

Burada biz, Böyük Vətən Mühvribəsindən geri qayıtmayan və aqibəti bəlli olmayan bir kəndli qəhrəmanımız haqqında, Həsənov Dövlət Hacı oğlu haqqında söhbət açacağız.

İkinci Dünya Müharibəsi başlayanda Dövlət buxalter işləyirdi. Yaxsı savadı vardı. Həm də yeni nişanlanmışdı. Vətən təhlükədə olduğundan könüllü olaraq hərbi təhsil almağa gedib. Voronejdə hərbi məktəbi bitirib. Eyni vaxtda burada Kommunist Partiyasına üzvlüyə qəbul edilib. Leytenant rütbəsi alıb. Müharibədə iştirak edib.  1942-ci ilin oktyabr ayında itkin düşüb. Sonrakı taleyi isə məlum deyil.

Müharibədə onunla bərabər olan kənlilərimizdən ikisi mə’lumdur: biri Cəbrayılov Firudin Cəbi oğlu, diğəri isə Abbasov Yapun Xanbaba oğlu.

Cəbrayılov Firudin Cəbi oğlunun Dövlətlə bir yerdə olduğunu Dövlətin evə göndərdiyi şəklindən görürük. Cəbrayılov Firudin Cəbi oğlu eyni zamanda müharibədən geri qayıtmayan kəndli qəhrəmanlarımızdandır.

Abbasov Yapun Xanbaba oğlu isə müharibədən geri qayıdıb. Əmək sahəsində işləyib. İndi də firavan həyatına davam etməkdədir.

Yapun kişi 1939-cu ildən itkin düşdüyü döyüşə qədər Dövlətlə bərabər olub, çox vaxt eyni cəbhədə vuruşublar.

Yapun kişiyə Dövlətin evə göndərdiyi şəkli göstərdim. Gözləri zəyifləmiş və onun üçün də gözluk taxan müharibə veteranı Yapun kişi öz cəbhə dostunu şəkildə görən kimi tanıdı. Xəyalları keçmişə getdi. O günləri və Dövlətlə eyni cəbhədəki son döyüşlərini xatırladı.

“Dövlətlə biz 1939-cu ildən bərabər olmuşuq. O Voronejdə hərbi məktəbi oxuyanda mən Finlandiya, Yaponya cəbhələrində vuruşdum. Amma, yenə də bir yerdə idik.

1942-ci ildə onu son dəfə gördüyümdə də yenə bir cəbhədə idik. Biz hissəmizin tanklarını 5-6 hektarlıq alma bağında gizlətmişdik. Hucum gözləyirdik. Dövlətgilin hissəsi isə bağın o biri tərəfində idi. O, general bir xaxolun diviziyasında idi. Bir anda düşmən hücumu başladı. Hər yer qarışdı. Uzun bir döyüşdən sonra ara sakitləşdi. Mən Dövlətgilin hissəsinə zəng edib Dövləti soruşdum. Mənə yox cavabı verdilər. Mən yenə də 3-4 dəfə zəng elədim. Axırda onların komandiri hirsləndi və mənə dedi ki, çto tebe nada, netu takiy çelovek. Ondan sonra bir daha əlaqə saxlaya bilmədik. Dövlətin nə olduğunu öyrənə bilmədim.”…

1975-ci ildə “Təşviqatçı” jurnalında Böyük Vətən Müharibəsi haqqında bir yazı dərc olunur. Həmin yazıda Dövlət Həsənovun da adı çəkilir. Dövlətin qardaşı Oğul kişi redaksiyaya məktub yazaraq məqaləni yazandan qardaşı haqqında mə’lumat istəyir. Amma, oradan müsbət bir cavab gəlmir. Cavab məktubunda ancaq məsləhətlər verilir:

“Hörmətli O. Həsənov yoldaş!

Redaksiyamıza göndərdiyiniz məktubu alıb jurnalın 1975-ci il 5-ci nömrəsində dərc edilmiş məqalənin müəllifinə göstərdik. “223-cü Belqrad diviziyası” məqaləsində adları çəkilən adamlar, o cümlədən D. Həsənov haqqında mə’lumatı o, arxiv materiallarından götürmüşdür. Müəllif həmin adamların sağ olub-olmadığını bilmir.

Sizi maraqlandıran suallara respublika hərbi komissarlığına və Müdafiə Nazirliyinə müraciət etməyi məsləhət görürük.

Müxbir məktubları şö’bəsinin müdiri İ. T. Əliyev.”

Fəqət sonrakı axtarışlar da bir nəticə vermir. Amma, Oğul kişini daha çox ümidləndirən, başqa bir müharibə veteranımız və indi dünyasını dəyişən Eyvazov Əbülfəz Baba oğlunun dedikləri olmuşdur. Eyvazov Əbülfəz Baba oğlu bir dəfə Oğul kişiyə rast gələndə deyir ki, qardaşın Dövləti qatarda gördüm, amma onun haqqında məndən başqa heç bir şey soruşma. 

… Böyük Vətən Müharibəsində iştirak edən və geri qayıtmayan 108 kəndlimizdən biri olan Həsənov Dövlət Hacı oğlunun taleyi beləcə naməlum qalır. Müharibədə şəhid oldu, yoxsa əsir düşdü, başqa bir ölkədə yaşamına davam etdi? və s. suallar ağlımıza gəlir. Amma bu sualların hələlik cavabı yoxdur. Daha doğrusu bu sualların cavablarını bizlər tapa bilmirik.

Umid edirik ki, Böyük Vətən Müharibəsində iştirak edən və geri qayıtmayan 108 kəndlimizin taleyi haqqında suallar gec-tez cavablarını tapacaqdır.

 

 


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz