Kəndimizdə məhəllə adları

 

 

 

 

Şair / Tarixçi

Kəndimizdə 6 məhəllə və bir neçə də oba vardır. Bu yazıda bu məhəllə və obaların adlarının yaranması və mə’nalarından bəhs ediləcək.

Peysə (bə’zən Pesə)

Məhəllə adıdır. Talışca Peysə (Pesə), Azərbaycan dilində “Yuxarıbaş” mə’nasını verir. Qızılavar kəndinin yuxarı hissəsində yerləşən Peysə (Pesə) məhəlləsi bütün yerdə qalan digər məhəllələrdən böyükdür. Peysə (Pesə) özlüyündə üç nisbətən kiçik obaya (Morod-oba (Mordobə), ƏsgərobaPeysə (Pesə) obalarına bölünür.

Morodoba (Mordobə) ilk sakini Moradın (Muradın) adı ilə, Əsgəroba isə Əsgər adlı kişinin adı ilə bağlıdır.

Leysan (Leyson)

Yaşlı adamların dediyinə görə bu ad burada ilk məskunlaşan Leysan (Leyson) kişinin ad ilə bağlıdır.

Bir qrupun dediyinə görə Leysan (Leyson) adı Talış dilindəki lesı (özək) mə’nasındadır. Yə’ni bu məhəllə adamları saf adamlar olmuşlar.

Digər bir fikrə görə, o cümlədən “Əxbərnamədə” deyilir ki, İran Astarasında Lisar tayfası yaşamışdır.[1] Çox güman ki, həmin tayfadan köçüb gələnlər öz ilk adını kiçik bir dəyişikliklə qoruyub saxlamışlar. Leysonbəlilər çox ehtiyatlı, sirr saxlayan və zəhmətkeş tayfadırlar.

Toybə (Toyoba)

Qızılavarın bir məhəlləsidir. Haqqında çoxlu deyimlər var. İlk bura gələn tayfalar: - “toy”, “sambur” və “qazax” olmuşdur.

Deyilənə görə qazaxlar (el arasında “qəzəx” də deyilir) Qazax rayonu tərəfindən gəlibdir. Hətta bə’ziləri Qazaxıstandan gəlmə olduqlarını da deyirlər. Belə bir versiya da vardır ki, talışlar rus əsgərlərinə “ğəzəx” də deyiblər. Hər halda bu üç sözdən birindən həmin tayfa adı yaranmışdır.

“Toy” tayfası (yaxud nəsli) haqqında dəqiq bir şey demək olmur. Bəlkə də şad-şən olduqlarına görə “toy” adlanıblar. Bəlkə də Toy adam adı olmuşdur. Yaşlı Allahqulu və Şəkər kişi (Allah hər ikisini rəhmət eyləsin) deyirdi ki, Toy, nəslin Qızılavarın indi Toybə (Toyoba) məhəlləsinə gəlmiş ilk kişinin adı olmuşdur.

“Sambur” nəsli nümayəndələri deyilənə görə şimaldan - Samur çayı ətrafından gəlmələrdir. Bəlkə yeni-yeni digər izahlar da var. Hər halda araştırmalar davam edir.

Sambur nəslinin olmasını tam inkar edənlər də vardır.

Hər halda indiyə kimi yadımda qalan bunlardır.

Bütün məhəllələr özlüyündə də bir neçə tayfaya, obaya bölünürlər.

Dəlləkoba (Dəlokbə)

Dəlləkoba (Dəlokoba) - məhəllə adıdır. Çox da böyük deyildir. Həqiqətən ilk yaranan dövrlərdə çox balaca məhəllə olub, bir neçə dəlləyi var imiş. Buna görə də Dəlləkoba adlandırılmışdır. Hal-hazırda dəlləkliklə məşğul olanı yoxdur.

Eynəloba

Deyilənlərə görə Eynəli adlı ilk sakinlərdən olan kişinin adı ilə bağlıdır.

Kırçoba

Kırçıoba məhəllə adıdır. Demək olar ki, hamı bir ulu babadan törəmədirlər. Camaatı keçmişdə saxsı qablar istehsalı ilə, balıqçılıq toru hazırlamaqla, çəltik əkməklə, maldarlıqla məşğul olmuşdur. Daha çox at bəsləyərmişlər.

Onlar çölmək (“dizə”), poloqızdıran (“polokırçəkə”) hazırlayarmışlar. Bəlkə də “polo kırçəkə” istehsalına görə məhəllə “Kırçıoba” adlanıb.

İkinci versiya belədir. Onların babalarından biri olan Şaban kişidən vergi tələb olunanda o deyib “Az joqo-jəqo zındənim, ışdə kırçə şəş soy bədom” (Mən o yan-bu yan bilmirəm, öz şax altı şahımı (pul) verəcəyəm). Bəlkə də “kırçə şəş şoy” sözünə görə məhəllə “Kırçıoba” adlanıb.

*       *        *

Kənddəki məhəllə və oba adları haqqında başqa ehtimallar da ola bilər. Oxucular öz ehtimallarını söyləsələr onlara minnətdar olardıq.

 

[1] Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, Əxbərnamə, Bakı 2003, s.180.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz