106 [108]-lar abidəsi

Şair / Tarixçi

Böyük fəlakət: İkinci Dünya Müharibəsi

İkinci Dünya Müharibəsi 1 sentyabr 1939-cu ildə başladı. Sovetlər Birliyi isə bunun acısını 22 İyun 1941-ci ildə Alman samalyotlarının sərhədi keçib Sovet torpağlarını bombaladığında hiss elədi. Sovet rəhbərləri -başda Stalin olmaqla- buna inanmamışdılar. Çünkü iki il qabağ Almaniya ilə Avrupanı öz aralarında paylaşmaq üçün razılığa gəlmişdilər. Amma Almaniyanın lideri Adolf Hitlerin iştahası daha çoxu istəyirdi. Bu bir reallıq idi və bu müharibədən qaçış yolu yoxdu.

22 İyun günü Levitanov müharibənin başladığını radyodan xalqa bildirdi. Eyni gün Sovet lideri Stalin xalqa müraciət etdi. Bütün Sovet xalqı Almaniyaya qarşı müharibədə vətən torpağlarının müdafiəsinə qalxdı. 

Müharibə çox fəlakətli bir vəziyyətdə başladı. Çünkü bir tərəfdən 37-ci ilin represiya küləyi əsgəri hissələrdən çox sayıda general və komandirləri silib süpürmüşdü, digər tərəfdən də xalq belə bir müharibəyə hazır deyildi. Düşmən isə irəllədikcə irəlləyirdi. 1942-ci ildə top səsləri paytaxt Moskovada da eşidilməyə başlandı.

Sovet liderlərinin sərt tədbirləri və xalqın vətən, torpağ, yurt eşqi qısa vaxtda düşmənə qarşı güclü bir müdafiə səddi meydana gətirdi. Torpaqlar azad edilməyə başlandı. Düşmən paytaxt Moskovadan uzaqlaştırıldı. 9 May 1945-ci ildə isə Sovet ordusu Reystaxa Sovet qələbə bayrağını sancdı.

İkinci Dünya Müharibəsi dünyanın ən fəlakətli müharibəsi oldu dedik. Bu müharibədə Sovetlər Birliyindən dəqiq olmayan rəqəmlərə görə 20 milyondan çox insan öldü, şəhirlər yıxıldı, kəndlər yox edildi.  Amma insanlıq yıxılmadı, həyat davam etdi. Böyük Vətən Müharibəsi cəphələrində qəhrəmanlıqlarına görə 11.603 Sovet əsgər və zabitinə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş (104 nəfər bu fəxri ada iki dəfə, G. K. Jukov, İ. N. Kojedub və A. İ. Pokrışkin üç dəfə layiq görülmüşdur), 7 milyondan çox adam orden və medallarla təltif olunmuşdur.(1)

Azərbaycandan da 600 mindən çox oğlan və qız cəbhələrdə vuruşdular. Arxa cəbhədə işləyənlər gecə-gündüz demədən çalışdılar və ön cəbhələrdəki ata, bacı, qardaşlarına kömək etdilər. Çox sayıda şəhid verildi. 1941-45 illərdə cəbhədə və arxada Azərbaycanın 250 mindən çox nümayəndəsi orden və medallarla təltif olundu. Nelson Stepanyan və Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. (2)

Kəndimiz və Vətən Müharibəsi

Böyük Vətən Müharibəsi başlayanda bütün Sovet vətəndaşları kimi kəndimizin insanları da müharibə üçün səfərbər oldular. Qadınlar və yaşlı insanlar kolxozda gecə-gündüz demədən işləyərkən, 198 nəfər kənd cavanı da cəbhəyə yollandı. Aralarında nişanlı olanı da vardı, yeni evlənəni də, ailədə tək övlad olanı da, ailə sahibi olanı da. Amma onları birləşdirən və müharibəyə yollayan vətən eşqi, torpaq, yurd qeyrəti idi.

Müharibə qurtaranda isə cəbhəyə yollanan kəndimizin igidlərindən 90 nəfəri geri qayıtdı. 108 nəfəri isə cəbhələrdə şəhid oldu.  

İndiyə qədər kəndimizdən müharibəyə gedib şəhid olanların 106 nəfər olduğunu yazırdıq. Nəcəfov Abuzər (çox yaxşı kommunist olub) və Mirzəyev Xanqulunun adını bu siyahıya daxil edə bilməmişdik. Siyahıya daxil edilməmə səbəbi də bu idi: Deyilənə görə bu iki kənd cavanının olduğu cəbhədə başqa millətlərin millətçiliyi güclü olub. Müharibədə qabağa da həmişə qara milləti verirlərmiş. Kəndçi gənclərimiz də bunlara qulaq asmırlar. Bunun üçün də başqa millətlər tərəfindən müharibə olmayan bir yerdə öldürülürlər. O vaxtlar evləri müsadirə edilir və vətən xaini elan olunurlar. Kəndimizdən müharibəyə gedib geri qayıtmayanların siyahısı Sovetlər Birliyi vaxtında hazırlandığı üçün bu adlar ora daxil edilməyib. Hadisənin əsli budur.

106 rəqəmi Böyük Vətən Müharibəsində şəhid olan kəndçilərimizin adına bir rəmz olub. Amma bunun 108 nəfər olduğunu da unutmayaq.

Böyük Vətən Müharibəsində şəhid olanların siyahısının hazırlaması və abidənin ucaldılması

Bu mövzuda araştırmayı mən aparmışam. 1975-ci ildə Sovetlərin Alman faşizmi üzərində qələbəsinin 30 illiyi bütün ölkədə geniş qeyd edilirdi. Әsərlər yazılır, abidələr ucaldılırdı.

Mən o günlərdə Qızılavar kənd orta məktəbində tarix müəllimi işləyirdim. Kənd şəhidlərinin siyahısını hazırlamaq fikrinə düşdüm. Ev-ev, məhəllə-məhəllə gəzib şagirdlərin və müəllim dostlarımın da köməyi ilə məktəb güşəsi üçün şəhidlərin siyahısını hazırladım. Daha sonra da bu siyahını bu günkü formaya gətirdim.  

Başqa bir tədbir də şəhidlərin xatirəsinə abidə ucaltmaq işi idi. Әvəz müəllimin də köməyi ilə abidənin layihəsini hazırladıq. Abidənin tikilməsi üçün pul tapmaq da çətin olmadı. Kənd camaatı şəhidlərinə sahib çıxdı və hər gücü çatan 3, 5, 10 manat verdi. Pulu topladıq. Ustalıq işini Vəliağa, Ziyadxan, Әğəddin, Bahadir gördü. Sovxoz traktor verdi, məktəb şagirdləri daş daşıdılar.

9 Maya az bir vaxt qalırdı. Şəhidlərin adı mərmərə yazılmalıydı. Amma rayonda belə bir yer yoxdu. Salyanda belə bir yerin olduğunu eşitdim və ora getdim. Amma mərmər daş bahalı idi. Bu iş üçün Sovxoz partiya təşkilatı 100 manat kömək elədi. Gecə ilə şəhidlərin adı yazılı mərmər daş hazırlandı. Səhərisi gün mərmər daşı kəndə gətirip abidədəki yerinə qoyduq.

Sovxoz rəhbəri Xalıq Qurbanovun da abidənin ucaldılmasındaki köməyi unudulmamalıdır.

Mərmər daş yerinə qoyuldu. Abidənin üstündə də belə yazıldı: “Böyük Vətən Müharibəsində həlak olan qəhrəmanlara əbədi eşq olsun”. Bu yazıya rəhmətli Muxtar müəllim etiraz etdi. Etirazı da buna idi: “Büyük vətən müharibəsində Almanlar da ölüb. Onun üçün də biz ‘qəhrəmanlara’ yerinə ‘qəhrəmanlarımıza’ yazmalıyıq”. Və yazı “Böyük Vətən Müharibəsində həlak olan qəhrəmanlarımıza əbədi eşq olsun” olaraq dəyişdirildi.

9 May 1975-ci ildə abidənin açılışı oldu. Açılışa Rayon Partiya Komitəsinin katibi Zöhrab Ömərov və rayon ziyalıları, sovxoz rəhbərləri, kəndin və qonşu kəndlərin ruhaniləri, kənd camaatı, məktəblilər toplandı.

Salamlamalardan sonra əsgərlər də silahlarıyla salam atəşi açdılar. Açılışın ən yaddan çıxmayan anı Әlyar Ağayevin və Eldar Xəlilovun mənim “106-lar” poemasını ifadə etmələri oldu. Bu poemanın təsiriylə ora toplaşan yüzlərlə insan ağladı. Ruhanilər dua etdi və yasin oxudu.

Bu abidə Böyük Vətən Müharibəsində həlak olan şəhidlərimizin sembolik qəbristanlığıdır. Və kənd camaatı bu sembolik qəbristanlığı müqəddəs bir ocaq kimi qorumalıdır.

Şəhidlərin xatirəsinə ikinci abidə isə Sovxoz rəhbərliyi tərəfindən 1985-ci ildə tikilmişdir.  

1975-ci ildə tikilən (Kənd Bələdiyə idarəsinin qabağında) və 1985-ci ildə tikilən (Masallı-Boradigah yolunun kənarında yerləşən) hər iki abidə kənd ictimaiyyəti tərəfindən qorunmalı və ziyarət edilməli bir yerə çevrilməlidir.

(1) Bax. “Böyük Vətən Müharibəsi”, Azərbaycan Sovet Ensiklopediyası, II Cild, Bakı 1978, s. 285.

(2) Eyni məqalə, s. 286-287.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz