Ağsaqqallarımız - II

Әvәz Bağışov /

Fransız Dili müәllimi / El ağsaqqalı

Qeyd:

Әvәz müәllimin bu qiymәtli mәqalәsinin ikinci hissәsini bir müddәtdir әlimdә tuturam.  Çünkü bu hissәdә haqqında bәhs edilәn ağsaqqalların şәkillәrini tapmaq istәyirdim. Şәkillәrini dә mәqalәyә әlavә elәmәm yaxşı olardı. Çox vaxt keçdi ama iki şәkil ancaq tapa bildim. Onun üçün dә bu mәqalәni daha da gecikdirmәk istәmәdim. Gәlәcәkdә әksik olanları da tapınca әlavә edәrәm. Bu iki şәkili göndәrәn Elxan müәllimә (Әliyev) , Xanәli müәllimә (Tolış) vә Adәm Sadıxova tәşәkkür edirәm.

Elnur Ağayev / Tarixçi

 

Әli mamu

Mәn Әli mamuni uşaqlıqdan bir cür görmüşәm vә o cür dә yaddaşımda qalıb: ağ köynәk, ağ saqqal, başa bağladığı ağ dәsmal. Әlindә demiti … 105 il yaşayan bu kişi işlәmәyindәn heç qalmadı. Dәryaz çalar, cütçülük edәr, odun doğrayardı. Olduqca gözәl әxlaqı, danışıq tәrzi, davranışı vardı. Arvadı Nәninin xәtrini çox istәyәrdi. Maraqlısı budur ki, iki oğlunu itirәndәn sonra da dәyanәtini saxlayan belә ağsaqqal kişilәr necә yaranıb? Öz dәrdlәrini ürәklәrinin içәrilәrinә qovalayıb, necә başqasının dәrdinә şәrik ola bilir, onlara mәslәhәt, özü dә düzgün mәslәhәt verә bilirdilәr?!

Rәhmәtlik Şirәli kişi danışardı; oğlu ölәndә Әli mamu nә’şin yanında çömbәlib deyirdi:

- “Bala, sәn öldün, dünya heç dağılmaz, heç nә dәyişmәz, hәr şey öz yerindә qalar, bircә mәnәm ki, oğulsuz qaldım”.

Nәvәlәrinә atalıq etdi.

Sәfәrәli kişi

Yun әyirәn, ciyә toxuyan, viş әkәn, axırda çay qaravulçusu, ağzı tәmiz, namaz әhli, halalcı, gülәrüz, xoş danışığı olan zәhmәtkeş bir adam idi. Fizulinin sonradan tәrtib olunmuş portretindә sanki Sәfәrәli mamu tәsvir olunub.

Çaylıqda heyvanlar çәpәri taptalayıb onu çox incidәndә qәtiyyәn mal yiyәsinә söymәzdi, yalnız heyvanın buynuzuna vә dırnağına lә’nәt deyәrdi.

Evdә qız-gәlinlәr mübahisә edәndә deyәrdi: “Ay hay, nәğmә deyirlәr ha!” vә sәs kәsilәrdi …

Şıxәli kişi

Ürәyiyuxa, zәhmәtkeş, arabacı, cütçü, tor toxuyan, hәlim xasiyyәtli bir kişi idi. Kefcilliyi vardı. Toylarda zarafat edәrәk oxuyardı:

Ha Nazbala, Nazbala,

Dәn sәpәrәm qazlara.

Qazlar dәni yemәsә

Sataşaram qızlara.

Sonra da üstündәn qışqırardı:

Oğlan bizim, qız bizim! Hey!...

Haqqında çoxlu mәzәli söhbәtlәr var. Biri budur:

Evdә ocağın qırağında oturub tor toxuyanda çağırarmış:

- Әhmәdin qızı hey, gәl çubuğuma maşa ilә bir köz qoy!

Deyәrmişlәr:

- Ay kişi, ocağın qırağındasan da, özün götür qoy da…

Cavab verәrmiş:

- Sәn bilmәzsәn, bala, bunun özgә lәzzәti var…

Kim ev tikәrdisә, tәklif etmәmiş, belini götürüb kömәyә gedәrdi, özü dә oğlanlarını da sәslәyәrdi.

Deyәrmiş: Ev tikәndә iki dәstә usta çağırın. Hansı dәstә tez gәlsә, işi ona verin. Çünki ustalar naz edәn olurlar, çәm-xәm edәrlәr…

Kәnddә Şıxәli kişi ilә arvadı Rahilә xalanın әr-arvad münasibәti neçә illәr nümünә göstәrilib.

Kәrәm kişi

Zәhmәtkeş, işgüzar, at sürәn, dәryaz çalan, zәhmli bir adam idi. Mәhәrrәmlikdә Kolatanlı rәhmәtlik molla Bilalı rozә demәyә gәtirәndә molla hökümәtdәn qorxduğunu deyir. Kәrәm zamin durur ki, mәn durduqca, sәnә toxunan olmaz.

Zarafat edәrmiş ki, bu saat evimizdә bir pud xörәk bişirirlәr. İnanmayanlardan biri gedib yoxlayanda görür ki, arvadı bir yekә qazanda ayran aşı bişirir, yalan olmasın, bir puddan artıq olar.

Qonşudan çağırırlar ki, bәs qıza elçi gәlib, bir zәhmәt çәk, gәl. Gәlib görür bir cavan oğlandır (namizәd), bir dә bir elçi qadın.

Bir az oturandan sonra hiss  edir ki, oğlan, deyәsәn, heç dinmir, soruşur:

- Bala, adın nәdir, nә ilә mәşğulsan?

Arvad tez cavab verir ki, adı Orucdur, qurban olum.

Kişi deyir:

- Sәndәn soruşmadım.

Mә’lum olur ki, oğlan danışanda bir az kәkәlәyirmiş, amma yaxşı oğlan imiş… Qızı verirlәr.

Kolatanla Qızılavar arasında bir arx varmış ki, sәrhәd rolunu oynayıb, amma arabir hәr iki kәndin adamı torpaq davası edәrmiş. Möhkәm davaların birindә Molla Rza Axundu çağırırlar ki, mübahisәni hәll etsin. Molla soruşur:

- Bu arxı haçan çәkibsiniz?

Kәrәm kişi tez irәli keçib deyir:

- Axund, bu arxın tarixi çox qәdimdir. Bax, arxdakı o palıd ağacını görürsәn? O ağac ki, arxın içindә çıxıb o boyda olub, demәli, arxın da yaşı ağacdan az deyil.

Mübahisә hәll olunur.

Müharibә illәrindә çox adama әl tutub vә çox yiyәsiz ölülәri basdırıb.

Mәmmәdәli kişi

Dövrünün savadlı, ziyalı adamı, namaz әhli, uzun müddәt kәndlәrdә hesabdar, Qızılavarda kolxoz sәdri işlәmiş, әlindәn hәr cür ustalıq gәlәn, әsl mә’nada mәhәllә ağsaqqalı vә böyüyü olan bir kişi idi. Geyiminә vә danışığına çox fikir verәrdi.

Deyәrdi Dilarәnin aşpazlığından çox xoşum gәlir, çünki qәnaәt edәndir. Gәlin gәrәk qәnaәt edә bilә!

Deyәrdi:

  • Bala, başını bir yerә salanda әvvәl oradan çıxmağının fikrini elә.
  • Yola çıxanda әvvәl ziyanını hesabla, mәnfәt onsuz da sәnindir.

Belә bir zarafatı vardı:

“Yüz tümәn dә borcun olsa, nahar yedin, bir uzan!...

Mәnimlә belә bir söhbәti olub, tәxminәn 40 il әvvәl.

- Ay oğul, niyә ev tikmirsәn?

- Nә ilә tikim, ay dayı, pulum var?!.

- Başa düşdüm… Bala, bu mivalla sәn heç ev tikә bilmәzsәn, çünki heç vaxt o qәdәr pulun olmaz. Sәn әvvәl get 100 m. reyka al, sonra 1 kub ağac alarsan … Yә’ni yavaş-yavaş yığ …

Bütün qonşulara vә qohumlara bu cür dәyәrli mәslәhәtlәr verәrdi.

*          *          *

Qızılavar kәndindә çox böyük kişilәr olub vә çoxunun da xatirәsi hәlә yad olunur. Amma mәn tәkcә Pesәdә yaşamış kişilәrdәn, onların da çox az hissәsindәn bir qәdәr danışdım.

İmkanlar mәhdud olduğundan Pesәlilәrin hamısından üzr istәyirәm. Ümidvaram ki, gәlәn nömrәlәrdә rәhmәtlik Әsәd, Sәrdar, Abuzәr, Nusi, Hacı Qurban, Molla Ağali, İman, Qiyas, Xәlil, Qubad, Şükür, Fәrzulla, onun qardaşı Nüsrәt, Zәki, Firudin, İbrahim, Müseyib barәdә danışa bilәrәm.

Bu kişilәrin işıqlı ruhları qarşısında baş әyәrәk, demәk istәyirәm ki, әgәr bu gün evә gәlәndә uşaqlarımız ayağa qalxırsa, әgәr açıq-saçıq geyim qarşısında oğlumuz üzünü çevirirsә, ya birinin tabutundan yapışırsa, qonşu ev tikәndә xanımımız evin şalbanına xalat bağlayırsa, qonşu toy edәndә gedib şadlığa şәrik oluruqsa, ya iş düşәndә tәsәlli veririksә, bunun üçün o kişilәrә minnәtdarıq, bu onların qoyduğu yol, onların verdiyi tәrbiyәdir.

Allah, onları rәhmәt elә, onları bağışla! Amin!


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz