“Sirli” qәbirüstü yazılı daş haqqında

 

 

 

 

Şair / Tarixçi

Qızılavar kәnd qәbristanında yaşı bilinmәyәn bir qәbirüstü daş vardır. Biz müharibә dövrünün uşaqları qәbristanda oynayardıq. Oyunlar tәbidir ki, talış elinә mәxsus oyunlar olardı: “Hil-hilonә”, “Pil-pilonә”, “Konә-konә”, “Niyo bınә”, “Hәmro tını ki barde”, “Vite-vitonә”, “Lәplәponә” (Hәrçәnd lәp (top) yox idi, biz onu әski-üsküdәn düzәldәrdik. Әski parçalarını yumrulayıb qatma ilә bağlayardıq vә top (lәp), hazır olardı).

Hәmin Qızılavar qәbristanında bir dәnә yeganә qәbirüstü yazılı daşı görmüşdük. Yazısı olmayan sadә, yumru, uzunsov, yastı daşlar, kәrpic paraları, qoç (qoyun) başı vә s. nişangahlar bizi qorxutmazdı. İllәr keçdi, biz o nişangahları başa düşdük. Bildik ki, bunlar әzizlәrimiz, doğmalarımızdır, onların unudulmaz әbәdi “evlәrinin” açarlarıdır. Hәtta bir çoxunun adını da öyrәndik ...

Lakin o, әn qәdim (hәr halda kәndimiz üçün әn qәdim) olan daşın nә yaşını bildik, nә dә kimә mәxsusluğunu. Amma represiyadan salamat çıxmış әrәb әlifbasını bilәnlәr onun әrәbcә yazıldığını söylәyirdilәr.

Hәmin “sirri” bilinmәyәn qәbirüstü daş haqqında bunları eşitmişәm: 1966-cı ildә ömrünün 80-85-ci ilindә vәfat edәn nәnәm Mәhbubә İslam qızından vә bir neçә il әvvәl vәfat edәn Allahqulu Abbasovdan vә digәr yaşlılardan eşitmişәm ki, hәmin daşın yanına әziz günlәrdә (dini vә mövsümü bayramlarda, cümә axşamlarında, mәhәrrәmlik mәrasimi günlәrindә) kәndin Leyson mәhәllәsindәn bir qadın gәlib ağlayarmış, qәbri (yaxud әtrafında basdırılmış әzizlәrini) ziyarәt edәrmiş. Mәhbubә nәnә, Allahqulu xalaoğlu vә digәr indi әbәdiyyәtә qovuşmuş yaşı 100-ü ötmüş qocalar bu deyilәnlәri öz nәnәlәrindәn, babalarından eşitdiklәrini deyiblәr. Hәr halda hamı deyirdi ki, o mәzarda yatan ya Leysondandır, ya da onlara qohumluğu çatan bir şәxsdir.

Sonralar “Elm vә hәyat” jurnalında “sirri” bilinmәyәn qәbirüstü daş haqqında bunları oxudum: “Qızılavar kәnd qәbristanlığındakı nәfis nәsx xәtti ilә әrәbcә yazılmış (10x40x100 sm) xatirә abidәsi isә Piyә seyid türbәsindәn gәtirilmişdir. Nәbati elementlәrdәn istifadә olunaraq yazılan vә gözәl ornamentә oxşayan kitabәnin mәtni belәdir: “Hüvәl-baqi. Molla Şuca ad-Din ibn Aşur bәk. Vәfatuhu fi şәhri rabi’ sәni, mutabiq sәnә 1210 - O [Allah] әbәdidir. Aşur bәy oğlu Molla Şücaәddin. Vәfatı 1210-cu il rabi sәni ayı (1795, oktyabr)[1].

Bunları oxuduqdan sonra çox şad oldum. Sağ olsunlar ki, bu sirri qismәn açıblar. Amma burada da açılmalı çoxlu mәqamlar vardır. Nә üçün hәmin daş “Piә Seydi Ğәb” ocağından bura gәtirilib? Bәs Piә Seyyidin öz qәbri niyә bura gәtirilmәmişdir? Görәsәn o zaman qәbristan “Piә Seyyid”in yanında olmuşdumu? Demәli әn uzaq zamanda “Piә Seyyid”in әtrafı subasar olmamışdır. Axı bizә yaşlılardan çatıb ki, son 150-200 ildә “Piә Seyidi Ğәb” ocağı istil (süni göl) içәrisindә kiçik bir ada kimi olmuşdur, üstündә dә qoyun vә keçi başına oxşar daşlar. Hәr halda suallar, müәmmalar çoxdur.

Ehtimal ki, “sirli daş” Leysona mәxsusdur vә Qızılavar kәnd qәbristanında yeganә salamat qalan qәdim qәbirüstü daşdır. O, kәndimizin tarixidir. Amma ilk tarixi sayıla bilmәz. Yәqin buna qәdәr burada ölülәr basdırılıb, bu isә varlı-imkanlı şәxsiyyәtin qәbri ola bilәr.

Әfsus ki, kәndimizin әhalisi öz tarixinә biganәdir. Bütün digәr abidәlәr (daş qoç, qoyun heykәllәri vә s.) dağıdılmışdır. Barı salamat qalanları qoruyaq.

 

[1] Bu yazı üçün bax.: Әmmar Abbasov, “Masallının epiqrafik abidәlәri”, Elm vә hәyat, no. 3, mart 1991, s. 22.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz