Əfsanədən həqiqətə Qızılavar adı

Elnur AĞAYEV / Tarixçi

Qızılavar adının elmi ədəbiyyatda iki formasına rast gəlirik: “Qızılavar” və “Ğızılovo”.

“Ğızılovo” kəndin Talış dilindəki adıdır. Bölgə insanı kəndi bu adla tanıyır. İnzibati ərazi bölgüsü aparıldığı zaman (Azərbaycan dilində aparılmışdır) “Qızılovo” adı “Qızılavar” kimi qeyd edilmişdir. Elmi ədəbiyyatda da kənd adının Azərbaycan dilindəki variantı olan “Qızılavar” adı istifadə edilir.

Kənd adı haqqında yaradılan əfsanələr bu adın Azərbaycan dilindəki variantı əsas qəbul edilərək yaradılmışdır. Bu mövzuda iki əfsanə mövcüddür: 1. Kəndin Azərbaycan dilindəki variantının ikinci hissəsini təşkil edən avar ünsuru əsas qəbul edilərək bu kəndin Avar tayfasıyla elaqəsinin olması, 2. Yenə kəndin Azərbaycan dilindəki variantındakı iki ünsurun (qızıl-metal və avar-qayıq) əsas alınaraq yaradılan Xan qızı əfsanəsi.

1988-ci ildə Azərbaycan Dövlət Universitetin təşkil elədiyi tarix olimpiyadasında iştirak edərkən ordakı müəllim kəndimizin adını soruşmuşdu. Kəndimizin adının Qızılavar olduğunu deyəndə müəllim, kəndimizin Avarlarla əlaqəsnin olub olmadığını öyrənmək istədi. Mən də kəndimizin Avarlarla bir əlaqəsinin olmadığını, bu adın Talışca bir ad olduğunu və mə’nasının da -Musarza Mirzəyevin Qızılavar toponimikası haqqında yazdığı kimi- qızıl küləkli yer olduğunu demişdim. Sonralar bə’zi dostlarımın da Qızılavar adının Avarlarla əlaqəsi olabiləcəyi haqqında fikirlərini ifadə etdiklərini eşitdim. Onun üçün də əvvəlcə bu mövzuyu izah etmək istəyirəm.

Bu gün elm aləminə iki Avar tayfası mə’lumdur. Bunlardan Avar Türkləri, Orta Asyadan Xəzər dənizinin şimalı ilə Qərbə doğru hərəkət etmişdir. Və bir dönəm də Şimali Qafqazda hakimiyyət sürmüşlərdir. Digər Avar tayfası isə Köysu çayının Andi, Avar, Karah kimi qollarının mənbələrindən şimalda Kumuk avarlarına qədər olan yerlərdə və Azərbaycanın şimal-qərbindəki Zaqatala bölgəsində yaşayırlar[1]. Bu tayfaların aynı mı, fərqli mi olduqları haqqında mübahisələr var, o mübahisəyə girmirəm. Mə’lum olan hər iki Avar tayfasının bu bölgəylə əlaqələrinin olmadığına tarix şahidlik edir. Yəni, Qızılavar kəndində Avarların yaşadığı və ya Avar tayfasının bu kəndlə əlaqəsinindən bəhs etmək yaradılmak istənən əfsanədən başqa bir şey deyil.

Qızılavar toponimikasının yaranması haqqında digər bir əfsanə isə Sovyetlər Birliyi vaxtında yaradılan Xan qızı əfsanəsidir. Əfsanənin əsli belədir:

“Deyirlər bir zamanlar kəndin sahillərini dəniz ləpələri döyürmüş. Əkinçi və balıqçılardan ibarət olan kənd sakinləri olduqca yoxsul yaşayırmış. Ancaq kəndin ağası olan xanın qızı böyük bir dövlət sahibi imiş. Xan qızı özünə məxsus olan qayıqla dəniz gəzintisinə çıxmağı çox sevərmiş. Bir gün o atasından qayığın avarlarını qızıldan düzəltdirməyi tələb edir.

Neçə adamın boğazı quruyur, neçə kəndli balası bir tikə çörəyin həsrəti ilə göz yaşları tökür. Onsuz da torpağdan yuxarı qalxmayan daxmaların çoxu viran olur. Xan qızının arzusu bunların hesabına başa gəlir. O sakit bir yaz axşamı qızıl avarlarla ilk dəfə dənizə çıxır. Qayıq sahildən uzaqlaşır. Birdən ətrafı dəhşətli səs bürüyür. Bu səslər boğazı qurumuş, ocaqları sönmüş kəndlilərin, bir tikə çörək üçün göz yaşı tökmüş kəndli balalarının ah-nalələri imiş. Dəniz bu nalələrə dözmür, dəniz kükrəyir, dəniz coşur. Xan qızının qayığı görünməz olur. Xan yeganə balasını, onun avarlarını çox axtarır. Ancaq nə meyit tapılır, nə də qızıl avarlar. Xalq həmin yerlərə Qızılavar adını verir”[2].

Xəzər dənizi indi kənddən uzaqlaşsa da, dədələrin də sonrakı nəsillərə axtardıqlarına görə çox çox köhnə zamanlarda dənizin ləpələri kəndin sahillərini yuyurmuş (Xəzər dənizinin suyunun çəkilməsi və ya yüksəlmesi günümüzdə də davam edir). Amma xan qızı hadisəsinə gəlincə, yaşlı dədələrin dediklərinə görə, əfsanədə təsvir edilən şəkildə bir xan, bəylik Qızılavar kəndində olmamışdır.  

Yaşlı nəsillərin bizə verdiyi mə’lumatlara və kənddə xan, bəyə aid bir abidənin, tarixi qaynağın olmamasına əsaslanaraq bu əfsanənin həqiqətlə bir əlaqəsinin olmadığını deyəbilərik. Əfsanənin yaradılma vaxtını da nəzərə alarsaq, bunun Sovet ideologiyasının bir tezahürü olduğunu rahat görə bilərik. Çünkü Sovetlər Birliyi vaxtında xan, bəyə nifrət oyatmaq məqsədiylə buna bənzər çoxlu əfsanələr uydurulmuşdur.

“Qızılavar” - “Qızılovo” toponimikasının elmi ədəbiyatda geniş izahını Talış tarixinin fəal tədqiqatçısı və təbliğatçısı Musarza Mirzəyev vermişdir.[3] Biz də tarixçi Musarza Mirzəyevin fikirlerinə ortaq olmaqla bərabər bu toponimikanın tədqiq edilməsində bə’zi qaynaqlara daha ehtiyacımızın olduğu fikrindəyik. Bunun üçün:

  1. Qızılavar toponimikasının ilk yaranma tarixini bilmirik. Bu ada qaynaqlarda ilk dəfə 18-ci əsrdə yazılan M. Ə. Mirzə Xudaverdi oğlunun “Əxbərnamə” əsərində rastlayırıq. O əsərdə də kənd adı Qızılavar deyil, Qızılabad olaraq yazılır[4]. Bu toponimikanın ilk meydana gəlmə formasını, tarixini öyrənmək və aşkar etmək vacibdir.
  2. Bu toponimikanın ilk meydana gəlmə formasını, tarixini bildikdən sonra o dönəm coğrafiyasını da aşkar etmək lazımdır. Hələlik bu mövzuda sadəcə bə’zi mülahizələrə əsaslanırıq.
  3. Kəndə ilk yerləşən ailələrin, tayfaların, şəxsiyyətlərin məşğuliyətləri, fikirləri, dilləri, adət-ən’ənələri, dinləri aşkar edilməlidir.

    Fikrimcə yuxarıda saydığım bə’zi mülahizələrə cavab tapmakla Qızılavar toponimikası haqqında daha ətraflı və doğru mə’lumatlara sahib ola bilərik.

 

[1] Bax: Ufuq Tavkul, “Tarihi ve Etnik Yapısıyla Kafkasya”, Yeni Türkiye Türk Dünyası Özel sayısı, sayı 16, Ankara 1997, s. 1916-1917.

[2] Bu əfsanə üçün bax. N. Cəmil, “Böyük mə’dənin sahibləri”, Çağırış qəzeti, 20 may 1967, no 58 (197))

[3] Musarza Mirzəyev, Mənim Masallım, Bakı 1991, s. 19-21.

[4] Bax. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, Əxbərnamə, Bakı 2000, s. 15.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz