Ağsaqqallarımız - I

Әvәz Bağışov /

Fransız Dili müәllimi / El ağsaqqalı

 

Qeyd:

2004-cü ildә kәndimiz üçün Tarixçә jurnalını nәşr edәndә kәnd ziyalılarımızdan, müәllimlәrimizdәn kәndimiz haqqında istәdiklәri mövzuda mәqalә yazmalarını xahiş edirdim. Sağ olsunlar hamısı da sözünü tutub mәqalәlәrini mәnә çatdırırdılar. Mәn dә jurnalın hәr nömrәsindә bu mәqalәlәrә yer ayırırdım...

... Әvәz müәllim dә jurnal üçün kәnd ağsaqqallarımız haqqında yazı yazmışdı. Kәnddә olanda Әvәz müәllimә baş çәkmiş, kәnd ağsaqqalları mәqalәsi әtrafında danışmışdıq. Mәqalәdә yazdığı kimi, bunun davamını da yazmağa söz vermişdi. Hәtda Әvәz müәllimdәn Hәc ziyarәti tәәssüratlarını da yazmasını xahiş elәmişdim. Әvәz müәllim daha sonra bunları yazdı mı bilmirәm. Çünkü Türkiyәyә qayıtdıqdan sonra onun vәfatı xәbәrini eşitdim. Әgәr bu yazılar yazıldıysa ailәsindәn xahiş edirәm onları mәnә çatdırsınlar, әn azından burada onları nәşr elәyib xalqa çatdıraq...

... Şәrtlәr elә gәtirdi ki, Tarixçә jurnalının davam ettirmәyә vaxt olmadı. Әvәz müәlimin çox qiymәtli olan yazısı da arxivimdә qaldı. Bugün onu sizә tәqdim etmәk istәyirәm...

Bu vәsilәylә Әvәz müәllimi bir daha yada salır, Allah rәhmәt eylәsin deyirәm. Yeri cәnnәt olsun inşallah...

Elnur AĞAYEV / Tarixçi

 

Mәn rus yazıçısı Qorkinin mәşhur cümlәsini dәyişib deyәrdim: “Mәndә olan әn gözәl keyfiyyәtlәrimә görә kitaba vә ağsaqqallara borcluyam”.

Qızılavar, Boradigah-Masallı yolu üstündәki çoxlu kәndlәrdәn biridir vә dünyadan tәcrid deyil, әksinә, bәlkә dә Bakı, Tehran, Ankara, Tiflis, Moskvada baş verәnlәrdәn ilk xәbәr tutan kәndlәrdәn biridir. Әvvәla, yol kәnddәn keçir vә birbaşa Bakıya gedir. Bu yolla gündә neçә Qızılavarlı sürücü Bakıya müştәri daşıyır. Sonra da ki, kütlәvi informasiya vasitәlәri. Amma әn әsası budur ki, Qızılavarlı uşaqlar dünyanın hәr yerinә sәpәlәnib; kimi işlәyir, kimi oxuyur, kimi oralarda ailә qurub vә sadәcә yaşayır. Hazırda әrәb ölkәlәrindә, İsraildә, Fransada, Türkiyәdә vә әn çox da Rusiyada bizim uşaqlardan var vә  bә’zilәri hәtta hәmin ölkәlәrin ictimai-siyasi hәyatında iştirak da edir.

Vaxti ilә bu kәnddә çox böyük kişilәr olub ki, hökümәt öz yerindә, kәnd onların sözü vә qәrarı ilә durub-oturub. Sözlәri dә ki qәt’i olub vә hökm şәklindә deyilib.

Mәsәlәn, Pesәli Xәlil kişi Leysandan Xalıq kişi ilә yaman imiş. Hansısa qohumu ölәndә Xalıq kişi Xәlili yas yerindәn qovur. Әlbәttә, Xәlil pәrt olur. Bu vaxt Pesәdәn Müseyib kişi deyib: “Ay Pesәlilәr, hamınız hәyәtdәn çıxın. Madam Xәlil qovulur, Pesәdәn kim bu hüzrә gәlsә, kişi deyil”.

Mәcbur olan Xalıq kişi hәmin axşam neçә ağsaqqal, seyyid, molla götürüb Xәlilgilә gedir, onu yasa getmәyә razı salır. Bundan sonra Pesәlilәrin dә ayağı açılır.

Çox misal nәyә lazım?!

… İllәr keçdi, dövran dәyişdi; indi ağsaqqal vә böyük kimdir? Pulu olan! Odur ki, toylarda alәm bir-birinә dәyib, kim nә istәyir - oxuyur, nә istәyir - onu da oynayır vә çaldırır. A bala, “Yanıq  Kәrәmi”yә rәqs edәrlәr?!. Sәn çıx beş dәqiqә “Qaytağı” oyna, mәn deyim sәn necә oğulsan. Yoxsa, siqaret ağzında sәhәrәcәn elәdәn-belә yellәn?!

O kişilәrin vaxtında necә idi?!

Çayxanalar var kәndlәrdә, bizdә dә var. Camaat bura tәkcә çay içmәyә gәlmir, söhbәt edir, bazar vә parlament iclasları müzakirә edilir, televiziya verilişlәri vә qәzet mәqalәlәri tәnqid olunur, planlar qurulur, qiybәt qılınır, bә’zәn mübahisәlәr dә olur, bura bir növ klubdur. Xüsusәn, yağışlı günlәrdә qәlәbәlik olur, ağız deyәni qulaq eşitmir, amma elә ki, bir ağsaqqal sәslәndi:

- Dәng olduq, әşşi, bir yavaş danışın- hamı sәsini kәsәrdi, kim bundan sonra danışa bilәrdi?!

Görәrdin bir cavan qapını açıb içәri boylandı, atasını, әmisini ya dayısını görәn kimi sәssizcә qapını örtәr vә çayxananın böyründә onların çıxmağını gözlәyәrdi.

Mәn Boradigah hamamında görmüşәm Ruhulla kişi içәri girmir ki, Molla Şali içәridә çimir.

Dükan-bazarda kişilәr ucadan danışmaz, arvad-uşaq görünәn kimi söz-söhbәti kәsәrdilәr.

Kişinin evә gәlmәyi alәm olardı… Hәyәtә girәn kimi öskürәrdi ki, evdәkilәr amadә olsunlar; uzanan dursun, әyin-başlarını geyinsinlәr, gәlinlәr yaşmaq tutmaq üçün yaylıq bağlasınlar, oğullar papiroslarını gizlәtsinlәr vә s.

Evin xanımı düşәrdi әl-ayağa: “Ay bala, nimdar. Ay qız qәnd-çay, ay gәlin, stәkan-nәlbәki, ay oğul, odun!...”

Hamı ayaq üstә durardı, sanki hәrbi hissәyә komandir gәlib.

İndi bunları danışanda cavanların dodağına zarafatyana bir tәbәssüm qonur, yә’ni ki, “әşşi, nәyә lazım imiş bu qәdәr ciddilik vә diktatura?!”

Yadımdadır, ağsaqqal toy deyәndә tapşırardı: “әdә hey, sәn get Çayqırağa, sәn isә Kolatana?!” vә s.

Tapşırıqdan sonra hansı toy deyәnin  ağlına gәlәrdi ki, siyahıda  ixtisar etsin?!

İndi necәdir?!

Bir-iki velosipedçinin hәrәsinә bir miqdar pul verib yollayırlar toy demәyә.

Qәbir qazmaq, ölünü yumaq pulladır.

Vә hәr şeyin lәzzәti qaçıb. Ay kişi, cücә qızartdırıb, qoyursan süfrәyә, tamı yoxdur!...

… İlk düyüdәn plov bişirәrdilәr, әtrindәn mәhәllәdә bilinәrdi ki, bax, Anaqız xala plov bişirib. Hünәrin var, indi plovu әllә ye; ovcunda 10-15 düyü qalsa, hünәrdir. Toylarda biz plovun hәlimini istәyәrdik, indiki dildә buna “nişasta” deyilir.

Mәn yuxarı kәnddә odun alırdım, evin gәlini üç uşağının hansına tәpindisә ki, get babanı çayçıdan çağır  gәlsin, heç biri qulaq asmadı.

Hörmәt, ehtiram, abır, qanacaq, mә’rifәt, böyük-kiçik yerini bilmәk, qonaq saxlamaq vә s. kimi mә’nәvi keyfiyyәtlәr o kişilәrlә dә getdi …

O ağsaqqalların bә’zilәri ilә bağlı balaca bir mә’lumat vermәk istәyirәm ki, bu jurnalın kömәyi vә vasitәsi ilә onların xatirәsinә ehtiram әlamәti olsun.

Şirәli kişi

Sadә, tәvәzökar, zәhmәtkeş, iman әhli (bizdә belә adama “Allahcı” deyilir), mehriban bir adam idi. Ağır eşidәndi, amma elә yavaş danışardı ki, müsahibi bәrk danışmağına utanardı…

Kömәk edәn, әl tutan idi: yaxşı mәslәhәtlәri vardı. Qәdim kişilәrin sonuncusu, “sonuncu moginan” idi.

Axır-axırda deyәrdi: “Utanıram bala, camaatdan, Mәmmәdәli gedib, Gülәli gedib, tamam tay-tuşlarım ölüb, qalmışam tәnha, heç camaat içinә çıxmaq istәmirәm”.

Olduqca güclü hafizәsi vardı; eşitdiklәrini әzbәrdәn deyә bilirdi.

Gözәl dә ailә başçısı olub. Oğlu Xanәli danışır ki, atamız heç vaxt ictimaiyyәt içindә bizi pislәmәyib. Lazım bilәndә  tәkbәtәk deyib.

Mәslәhәt görmәzdi ki, kişi xaylağı hәtta öz hәyәtindә balaqlarını dizdәn yuxarı çırmalasın, maykada gәzsin vә ya köynәyini soyunsun. Deyәrdi: “Qonşuda qız-gәlin var, bala”.

Bir vaxtlar Qızılavarın çay sahәsini Kolatana vermәk söhbәti çıxdı. Şirәli kişi elә bir ciddi mübarizәyә qalxdı ki, rayon rәhbәrliyi geri çәkildi.

Soldan: İman, Gülәli, Kişi vә Şirәli

Gülәli kişi

Kolxozda hesabdar idi. Eynәyinin üstündәn xüsusi bir baxmağı vardı ki, adam özünü itirәrdi. Zarafatcıl vә yaxşı zarafatı qiymәtlәndirәn, çok danışan bir kişi idi. Xüsusәn böyük oğlu ilә çox mәzәli vә incә zarafatlar edәrdi. Arvadı Sәkinә xala ona söz atanda cavab vermәz, yalnız çeşmәyinin üstündәn zәhmlә baxardı.

Çox düzgün mәslәhәtlәr verәrdi, qonum-qonşuda elә bir mәclis olmazdı ki, Gülәli kişi iştirak etmәsin. Molla tayfası ilә arası saz idi, tez-tez onları qonaq edәrdi.

Axşamlar balaxanada oturub çox ucadan әsnәmәyi vardı ki, bütün mәhәllә xәbәrdar olardı.

Tәhsil vә mәktәb hәvәskarı idi.

Ruhulla kişi

Ruhulla kişi barәdә, yalan olmasın, düz iki kitab yaza bilәrәm. Ruhulla kişi lәyaqәtli, tәrbiyәli, әxlaqlı, sәbrli, qabiliyyәtli, xoşsima, mehriban, dәyanәtli bir adam idi.

Oğlanlarının hәrәsi ona ancaq bir cәhәtdәn oxşayır; Sirac - hövsәlәsinә, Hafiz - qәtiliyinә, Rahib - boyuna, Fәrrux - görünüşünә görә, amma heç biri onu bütövlükdә әvәz etmir vә edә bilmәz.

Qonum-qonşuda xeyir-şәr işlәrinin çox bacarıqlı rәhbәri, olduqca düzgün adam, çox sәrrast söz sahibi idi.

Yeriyәndә әllәrini arxasında qoşalayardı, hövsәlә ilә, daima qәt’i danışar, heç vaxt tәlәsә-tәlәsә iş görmәzdi.

Hacı Әlihәsәn deyir ki, heç vaxt rәhmәtlik Ruhullanı qolsuz köynәkdә görmәdim. Sәsini qaldırıb ucadan danışmazdı.

Rәhmәtlik Kәrbәlayı Fәrәc deyәrdi: “Maştağada ruhi xәstәxanada ikәn Ruhulla kişi yanıma gәldi, әhvalımı soruşdu, mәn çox zәif halda sәhhәtimdәn şikayәt etdim vә dedim:

- Ölürәm e … vallah!...

Baxıb-baxıb birdәn sәslәndi:

- Әdә, mәn ölmüşәm ki, sәn ölәsәn?! Nә olub axı sәnә, belә ağlayırsan?! Darıxma, qoymaram ölәsәn!”

Deyir, bu sözlәr mәnә o qәdәr tәsәlli oldu ki, ölmәyәcәyimә inam oyatdı.

Hәr halda rәhmәtlik bu xәstәlikdәn ölmәdi.

Sumqayıtda bir qonşumuz rәhmәtә getmişdi. Onu gәtirmәyә getdik. Qış idi, qar yağmışdı. Ruhulla kişi Sumqayıtda yaşayan Pesәlilәri yığdı bir yerә vә yәqin sınaqdan çıxarmaq üçün dedi:

- Biz hazırlıqsız gәlmişik, lazımdır ki, bu adamın meyyitini kәndә aparaq. Belә vәziyyәtdә mәrhumun ailәsindәn bir şey istәmәk düzgün deyil. Görün nә edirsiniz.

Onlardan sәs çıxmayanda dedi:

- Sabah meyyiti aparanda siz dә hamınız yığışın, minin avtobusa. O adam ki, öz ölüsünü kәndә apara bilmir, o gәrәk evdәn bayıra çıxmasın.

Dini söhbәtlәrdәn xoşu gәlәrdi vә hәvәslә moizәlәrә qulaq asırdı; yәqin ki, atası Molla Sәrdarın tә’siri imiş…

/Ardı var/


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz