Qızılavar kəndi haqqında

musarza mirzəyev ile ilgili görsel sonucu

Musarza Mirzəyev / Tarixçi

/Musarza Mirzəyev, Mənim Masallım, Bakı 1991, s. 19-21/

Qızılavar rayon mərkəzindən səkkiz kilometr cənubda Lənkəran ovalığında yerləşir. Qızılavar toponimində “Qızıl” qiymətli metal adı deyil, əlamət bildirən sifət, “a” birləşdirici səs, “var” isə formant, ünsürdür (Qızıl, həmçinin, türkdilli və farsdilli xalqlarda şəxs adıdır). “Var” formantı müxtəlif mə’nalarda işləndiyi üçün Qızılavar toponiminin mə’nasını da müxtəlif şəkildə izah etmək olar. Məsələn, coğrafiya elmləri namizədi Elxan Nuruyev yazır: “Azərbaycanın bir sıra toponimlərində iştirak edən “var” sözü qədim İran dillərində heyvan saxlamaq üçün hasarlanmış yer, möhkəmləndirilmiş kənd yeri deməkdir. Lakin inqilabdan əvvəl Azərbaycanda “var” həm də yurd, kənd mə’nasında işlənmişdir. “Var” dedikdə konkret olaraq alaçıq yeri, geniş mə’nada isə, məsələn, hər bir icmanın yaylaqda malik olduğu otlaq yeri başa düşürük”[1] Filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbovun fikrincə “Talışdilli toponimlərin Azərbaycan variantında işlənən “var” ünsürü (Şilavar, Qızılavar, Siyavar və s.) talış dilində “vo” sözü ilə uyğundur, “vo” isə talış dilində yer, məskən deyil, külək deməkdir. “Var” ünsürlü toponimlərə toponim olmayan gilavar (talışca qiləvo) “isti külək” (Gilan küləyi - M. M.) sözünü də əlavə edə bilərik.[2] Bu mülahizələrə uyğun olaraq Qızılavar toponimi talış dilində olan “Qızlovo” adlanır ki, bu da əlamət bildirən qızıl yel, qızıl külək mə’nasında işlənir. Bu xüsusiyyət diğər toponimlərimiz üçün də xarakterikdir. Məsələn, Telavar (“Teləvo”) acı yel, Siyavar (“Siyəvo”) qara yel, Küəvo-dağ küləyi deməkdir və s.

Qızılavar kənd orta məktəbinin müəllimi Tofiq Şahbazov yaşadığı kəndin adının talış dilində olan “Qızılələvo” sözündən yarandığını göstərir. Bu sözün Azərbaycan dilində tərcüməsi isə Qızılağac deməkdir.

Qeyd etdiyimiz üç mülahizənin hamısı nə qədər inandırıcı olsa da, fikrimcə, onlardan yalnız ikincisini qəbul etmək olar, çünki bu mülahizə yaşadığımız ərazinin toponimləri üçün daha səciyyəvidir. Bununla yanaşı “Qızılavar açıq yerdə yerləşdiyi üçün oranı daim küləklər tutur. Odur ki, talışlar buranı qızıl küləkli yer adlandırmışlar” (H. Məmmədov).

Qızılavar XVIII əsrdə rayonumuzun ərazisində mövcud olan yaşayış yerlərindən biri idi. Alimlərin fikrincə Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbərnamə” əsərində adı çəkilən Qızılabad kəndi, indiki Qızılavar kəndidir. Mirzə Əhməd qeyd edir ki, onun babası Kərbəlayı Qurban Nadir şah dövründə Qarabağ vilayətində mövcud hərc-mərclik və aclıqdan yaxa qurtarmaq məqsədilə Talışın Qızılabad (indiki Qızılavar - M. M.) kəndinə köçmüş və burada Lisar tayfasından evlənərək bir müddət bu kənddə yaşadıqdan sonra Astaranın Bütəsər kəndinə köçmüşdür.[3] Qızılavardaki Lesoba məhəlləsinin sakinləri vaxtilə İrandan bu yerlərə köçmüş, Cənubi Talışın Lisar tayfalarının nəsillərindəndir.

Qızılavarda bir çox tarix, mədəniyyət və me’marlıq abidələri vardır. Bunlara kənd qəbirstanlığındakı daş qoç fiquru, Piəseyid türbəsi, XIX əsrə aid məscid, bir neçə ləm misal ola bilər. Bu abidələr kəndin keçmişi ilə bağlı müəyyən mülahizələr yürütməyə əsas verir, ilk növbədə kənd qəbirstanlığındakı daş qoç fiquru da diqqəti cəlb edir. Orta əsrlərdə Azərbaycana gəlmiş səyyah və alimlər dəfələrlə qeyd etmişlər ki, yerli əhali daş heyvan fiqurlarına xüsusi hörmət bəsləyir. Rus alimi V. M. Sısoyev əsrimizin 20-ci illərində Azərbaycanda olarkən qeyd etmişdir ki, əhali qoç fiqurlarını müqəddəs sayaraq ona sitayiş edir, onlar bu fiqurları hətta bə’zən qədim qəbirstanlıq xarabalarından, dağlardan və s. yerlərdən gətirib hörmət əlaməti olaraq öz qohumlarının məzarı üstə qoyurlar. Mə’lumdur ki, ulu babalarımız da qoça qələbə və bolluq rəmzi kimi baxmış, dadlı əti, gözəl yunu və dərisinə görə bu heyvanı sevmiş, müqəddəsləşdirmişdir.

Dediklərimizdən belə bir qəti fikrə gəlmək olar ki, Qızılavar kəndindəki daş qoç fiquru qoç toteminə yerli əhalinin olan inamı ilə bağlıdır. Qoç fiqurlarına rayonumuzun Bədəlan, Qodman, Ərkivan və s. kəndlərində, eləcə də qonşu rayonlarda da rast gəlirik. Nəinki rayonumuzun, həm də bütün regionumuz üçün xarakterik olan daş qoç fiqurlarının yaranmasını XV-XVII əsrlərə aid etmək olar.

Keçən əsrdə Qızılavarda bir çox sənət növlərindən istifadə olunmuşdur. Dekorativ-tətbiqi sənətimizin nümayəndəsi Badam Fərzulla qızı keçən əsrdə bədii həsir ustası kimi bütün qəzada tanınmışdı. Təsadüfi deyildir ki, Rasim Əfəndinin 1976-cı ildə çapdan çıxmış orta əsrlər dövrünü əhatə edən “Azərbaycan dekorativ tətbiqi sənətləri” kitabında XIX əsrdə yaşayıb-yaratmış sənətkarların siyahısında Badam Fərzulla qızının da adı qeyd olunub (səh. 162).

 

 

 


[1] E. Nuriyev, Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası, Bakı 1989, s. 33.

[2] Leninçi qəzeti, 23 iyun 1987-ci il.

[3] Bax: “Əxbərnamə” Azərb. SSR EATİEA, iş no. 3622, vər. 1-2.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz