Meyvəsi tükənməz barlı ağacsan... Qətibə müəllimənin 65 yaşına

Uşaqlıq illərimdə Rus Dili müəllimləri haqqında Talış folklorundan qısa bir şe’r əzbərləmişdim. Sadəcə mən deyil, bizim dönəm uşaqlarının hamısı bu şe’ri əzbər bilirdi:

Rus dili mellim kədə ni,

Şinə çayış vədə ni,

Nənə vote çiç bıkə,

Pencə vədə rast bıkə.

Bilmirəm nədəndir, nə vaxt Rus dili müəllimi ifadəsini eşitsəm bu folklor nümünəsi yadıma düşür. Doğrusu, nə Rus dili müəllimlərimin üzünə, nə də arxalarından heç vaxt bu şe'ri deməmişəm. Ama hafizəmə yerləşib bir dəfə…

İndi bu şe’r niyə yadıma düşdü? Bir Rus Dili müəlliməmdən bəhs edəcəyəm də onun üçün. Mənə Rus dilini öyrədən iki müəllimdən birisi haqqında bir neçə kəlimə yazmaq istəyirəm: Qətibə müəllimə haqqında. Səbəbi var çünkü… (O biri Rus Dili müəllimim Sahil müəllim haqqında inşallah başqa bir vaxt yazaram)

Eşitdim Qətibə müəlliməmizin aprel ayında (diyəsən aprelin 10-da) 65 yaşı tamam olub. Bunu eşidəndə əvvəl öz özümə mırıldandım: “Nə tez 65 yaşı oldu Qətibə müəllimənin.” Sonra dönüb öz yaşımı yadıma saldım. 50 yaşına yanaşmışam. Mırıldanmayı bir tərəfə qoydum…

Xəyal məni məktəb illərinə apardı…

… Qətibə müəllimlərin müəllimə qruplarını xatırladım: Bahar müəlliməni, Rəvayət müəlliməni, çox sevdiyimiz İmamverdi müəllimin (Allah rəhmət eyləsin) gəlinləri Südabə və Nüşabə müəllimələri… Allah onlara uzun ömürlər versin.

… Tələbkar olduğu qədər bir ana qədər də mehriban olan Qətibə müalliməni xatırladım…

… Bizlərə əzbərlətdiyi:

Гуси гуси га га га

Есть хотите да да да

ну летите

Мы неможем Под горой серый волк не пускает нас домой.

şe'rini xatırladım.

… Qulaqlarıma bizlərə əzbərlətdiyi Çastuşkanın səsləri gəlməyə başladı.

… Məktəbin qabağında təşkil olunan tədbirlərdə çıxış edərkən həyəcanlandığını və bu həyəcandan səsinin titrədiyini xatırladım…

… Sonra xatirələrdən ayıldım, bugünə qayıtdım. Qətibə müəlliməni sonuncu dəfə harda gördüyümü fikirləşdim. Səhf eləmirəmsə Dəlləkobada bacanağım Hafizin toyunda görmüşdüm. O gün məclisdə söz deməyə qalxanda da əvvəlcə Qətibə müəlliməyə və şəxsində müəllimlərimizə təşəkkür etmişdim…

Sonra… Sonra… Sonra da vəfasızlıq kəliməsini xatırladım… Çünkü daha sonra bir dəfə də olsun axtarıb keyfini, hal əhvalını soruşmamışam. Yəni vəfasızlar siyahısındayam…

…Gec də olsa buradan Qətibə müəlliməmə səslənmək istəyirəm:

Qətibə müəllimə, yəqin ki biz də vəfasız şagirdlərinizdən hesab olunuruq. Bəlkə sizi axtarmadıq, keyfinizi soruşmadıq. Ama heç vaxt yadımızdan çıxmadınız ve həmişə dosta, tanışa sizi soruşduq. Müəllimliyə davam etmənizə, yaxşı olmanıza sevindik…

Sizi 65 yaşınız münasibətiylə təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq. Xanəli müəllimin yazdığı kimi, siz meyvəsi tükənməz barlı ağacsınız. Arzumuz budur ki daha uzun illər bu elm adlı ağacın barlarını şagirdlərinizlə paylaşasınız…

Hörmətlə: Şagirdiniz Elnur Ağayev

Qətibə

Qətibə, səni də taleyin seli,

Çıxartdı bir axşam bizim sahilə.

Sevincə bələdin obanı-eli,

Bəxtiyar yaşadın ailən ilə.

Deyirlər: olubdu müqəddəs ana,

Sevgi göylərində Aydı Qətibə.

İgid oğulların gəldi cahana,

Hər biri Tanrıdan paydı, Qətibə.

Göstərdin müəllim məharətini,

Bilik zirvəsinə eli hayladın.

Qəlbinin odunu, hərarətini

Öyrənci oğlana, qıza payladın.

Meyvəsi tükənməz barlı ağacsan,

Hamı nişan verir barınla səni.

Sanıram parlayan ilahi tacsan,

Bəxtəvər görəndə yarınla səni.

Nuruna qərq elə bu sahilləri,

Səpələ hər yana gül, ləçək-ləçək,

Hünərlə ötüşsün ömrün illəri,

Yüzüncü limanda görüşənədək!

24.05.2003

Xanəli Tolış, Dünya, mənə halal eylə, Bakı 2013, s. 189-190.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz