Mətbuatda Qızılavar: Qızılavarın qızıl günləri

Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 60 illiyi qarşısında

 

Əhməd Səmədov

“Çağırış”ın ştatdankənar müxbiri

“Çağırış” qəzeti 28 fevral 1980-ci il.

 

Qədim bir əfsanə

 Qızılavarla bağlı bir əfsanə var: Deyirlər bir vaxt bu yerlər su altında imiş. Kənd dikdirin ətəyinə sığınıbmış. Xan xalqın zəhməti hesabına övladlarına gözəl qayıqlar və qızıldan avarlar düzəltdiribmiş. Dəniz seyrinə çıxan xan və övladları suda batmışlar. O vaxtdan bu yerin adı Qızılavar qalmışdır.

Xalq əfsanəsini kənddəki M. F. Axundov adına sovxozun direktoru Xalıq Qurbanov danışdı və ona gözəl bir əlavə elədi:

-Xan övladları və qızıl avarlar batdı. Lakin bu qızıl avarlar itmədi, torpağa qarışdı. Bu gün kəndimizin hünərli övladları həmin qızılları üzə çıxarırlar.

Rəqəmlər dil açır

Sovxoz partiya komitəsinin otağında tərəvəzçilərin 1979-cu il müvəffəqiyyətlərini əks etdirən rəqəmlərlə tanış olduq. Bir sovxoz fəhləsinin orta aylıq əmək haqqı 200 manatı ötüb keçib.

İbrahim Fərəcovun briqadası beşilliyin dördüncü ilində sahələrdən 405 ton əvəzinə 870 ton tərəvəz yığmışdır. Mayıl İsrafilovun briqadası hər hektarın məhsuldarlığını 398 sentnerə çatdırmışdır.

Tərəvəzçilər arasında ən hünərlisi, manqabaşçısı Nərminə Hüseynovadır. Nərminə mövsümdə tarlalardan 77 ton məhsul toplamış və gənc tərəvəzçilərin respublika yarışında üçüncü yeri tutmuşdur. Manqa üzvləri 1980-ci ildə nəcib təşəbbüs irəli sürmüşlər: “Adama 50-80 ton tərəvəz yığmalı!” Bu təşəbbüsü Şükufə Həmidova, Həqiqət Məmmədova, Adilə Abdullayeva, Raisə Məmmədova və başqaları əməli işlərilə doğrultmağa çalışırlar.

Sovxozun fermalarında 319 baş mal-qara bəslənilir. Sara Rəhimova, Gülgəz Quliyeva kimi işgüzar sağıcıların, Allahverdi Həşimov, Rəmiəli Fərəcov, Məsləhət Qəniyev kimi malabaxanların fədakarlığı sayəsində heyvandarlıqda hər il bir-birindən yaxşı nəticələr qazanılır.

Sovxozun 32 hektar məhsuldar çay sahəsi vardır və bu qədər plantasiyanı Murtuza Payızov və Yunsur Ağayevin briqadaları becərir, məhsulunu yığırlar. Sovxozda keçən il 112 ton əvəzinə 203 ton yaşıl çay yarpağı tədarük olunmuşdur.

Kəndin qaynar əmək həyatı göstərir ki, kəndli torpağın əsl sahibidir. O, torpağı əkib becərir, özü üçün xoş güzəran yaradır.

Müqəddəs Payızov uzaq Suriyədan qayıdanda onun pişvazına çoxları çıxmışdı. Çünki o, Qızılavarın xarici ölkədə işləmiş ilk övladı idi. ADU-nun şərqşünaslıq şö’bəsini bitirmiş Akif Əliyev İraqa gedəndə kənd əhli anladı ki, onun övladlarının səsi-sorağı hələ çox ölkələrdən gələcəkdir.

Qızılavar abad kəndlərimizdən biridir. Onun mədəniyyət evi, mağazaları, rabitə şö’bəsi, avtomat telefon stansiyası, apteki, çayxanası, yeməkxanası, kitabxanası və s. vardır.

Hazırda kəndə qaz kəməri çəkilir. İliç lampaları bütün evləri nurlandırır.

M. F. Axundov adına sovxozun ərazisində iki məktəb vardır. Orta məktəbdə 663 nəfər zəhmətkeş balası tərbiyə olunur, 38 müəllim işləyir.

Kəndin mərkəzində bir abidə ucalır. Bu, Böyük Vətən müharibəsində həlak olan Qızılavarlıların xatirəsinə əbədiləşdirilib. 106 igid Böyük Vətən müharibəsindən geri dönməyib. Onların qəhrəmanlıqla dolu həyatları bu günkü gənclərə əsl nümunədir. Kənddə yaxşı bir ən’ənə yaranıb: ordu sıralarına yola düşən gənclər həmin gün abidə önünə gəlir və Vətənə sədaqətlə xidmət edəcəklərinə and içirlər.

Burada məktəblilər pioner və komsomol sıralarına qəbul olunurlar.

Qışın oğlan çağıdır. Amma Vahab müəllimin həyətində əsl bahar nəfəsi duyulur. Bu gün onun evinə gəlin gəlir. Astarada həkim işləyən oğlu Cavanşir taleyini Astara rayonunun Kokolos kəndindən olan Sevda ilə bağlamışdır. Bu soyuq qış günündə isti bahar nəfəsi ilə Vahab kişinin evi, ailəsi qızınır. Burada gənc şair Tahir Qurbanovun “Kəndə gəlin köçəndə” şe’ri yada düşür:

Çağırın meşədən palıdları siz,

Oyadın yuxudan xan çinarı da.

Durun, silkələyin buludları siz,

Yuyunsun gəlinin arzuları da.

Hamı onu Yaqut ana çağırır. Çünki bu el anası 40 ilə yaxındır ki, Qızılavar Kənd Sovetinin sədridir. Əri müharibəyə gedəndə təsəllisi yeganə qızı idi. Onu böyüdüb ərsəyə çatdırdı.

Yaqut ananın tövsiyəsi və köməyi sayəsində kəndin öz ziyalı qadınları yetişdi. Firayə Məmmədova, Rəvayət Əhmədova, Səbirə Həmidova, Gülxanım Mustafayeva, Xanım Əliyeva, Zeynəb Məmmədova və başqaları.

Nəvə otağa daxil oldu. Əlindəki jurnalı Xalıq kişiyə göstərib dedi:

-Baba, atanın şəklidir, bir bax!

Xalıq oğlu Tahirin “Literaturnaya uçyoba” jurnalında verilmiş şəklinə, haqqındakı bioqrafik mə’lumata və şe’rlərinə nəzər yetirdi. Xəyal onu illərin arxasına çəkdi. Ağır müharibə illəri yadına düşdü. 18-ci ordunun sıravi əsgəri kimi Vətən uğrunda qanlı döyüşlər, yaralandığı zaman rus qardaşının ona köməyi. ...Sonra orden və medallarla doğma Qızılavara qayıtması. Tahirin dünyaya gəlişi, onun uşaqlıq çağları kino lenti kimi gəlib gəzləri önündən keçdi. İndi bax, həmin balaca Tahir tanınmış cərrah, narahat dünyamız haqqında “Buhenvald harayı” oxuyan şairdir. Atanın qəlbi iftixarla doldu. Sonra Bakıda işləyən oğlu Şair Qurbanovu, qızı Xatirəni, tibb institutunda təhsil alan Məlahəti, ADU-nun tələbəsi Subairi xatırladı. Bir anlığa başçılıq etdiyi M. F. Axundov adına sovxozun qayğılarından ayrılan kimi oldu. Qonşu otaqda işləyən müəllim oğlu Mahiri yanına çağırdı:

-İşlərin necədir, bala? -dedi

-Xeyir ola, ata, işimlə maraqlanırsan? İşlərim pis deyil.

Ata gülümsündü. Dedi ki, Tahirin şe’rləri çıxıb, özü də rus dilində. Deyirəm uşaqları bir yerə toplayaq və bir ailə şənliyi keçirək. Mahir razılaşdı və Tahirə, Şairə, Fədairə, Subairə... zəng etmək üçün dəhlizdə qoyulmuş telefonun yanına yığışdılar...

Qızılavarda xoşbəxt ailələrdən biri də qocaman kommunist Şirəli Ağayevin ailəsidir. Onun da oğlanları - Xanəli, Canəli, Xanverdi, Camal, Əliyar ali və orta ixtisas təhsili almışlar. Xanəli, Xanverdi və Camal müəllimdir, zəhmətkeş balaların tə’lim-tərbiyəsi ilə məşğuldurlar. Canəli rabitə işcisi, Əliyar isə kənd mədəniyyət evində işləyir.

Bəli, Qızılavarın bu günü gözəldir, onun əmək adamları hünərlə işləyir. Sov. İKP XXV qurultayının qərarlarını inamla həyata keçirir, ictimai sərvəti daha da çoxaldır, illəri bir-birindən fərəhli nəticələrlə yola salırlar. Şübhəsizdir ki, cari ildə də belə olacaqdır.

 


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz