İstillәr (Seon)

Şair / Tarixçi

Qızılavar kәnd camaatı ta qәdimdәn әkinçiliklә mәşğul olmuşdur. Çәltik әkini dәdә-baba sәnәti olmuşdur. Çәltik su sevәn bitkidir. Demәk olar ki, suda böyüyür. Onun “ayaqları” suda, “başı” isә günәşdә olmalıdır. Tumcardan (şitillikdәn) ta yetişәnә kimi gәrәk çәltiyә su verәsәn.

Mәn 19-20 yaşda olarkәn - 1959-60-cı illәrdә çәltik işindә işlәmişәm. Çox dadlı mәhsul olan çәltiyin yetişdirilmәsindә iştirak etmişәm. 150-250 hektar çәltik sahәsini - bicarı әkib başa gәtirmәk, sonra rahatca әylәşib ağ düyüdәn hazırlanmış plovu camış qatığı ilә yemәk adama lәzzәt verir. Çәltik dinqdә (indi isә dәyirmanda) döyülәndәn, tәmizlәnәndәn sonra alınan ağappaq düyü adamın gözünә işıq-nur verir. Sonralar tәrәvәzçilik, çayçılıq, tütünçülük vә digәr әkin sahәlәri meydana gәlmişdir. Hamısının suya ehtiyacı olmuşdur. Ona görә dә әkinçi dәdә-babalarımız hәmәn ehtiyacı ödәmәk üçün istillәr (sün’i su anbarları, sututarları) yaratmışlar.

Talışlar istilә “se”, istillәrә “seon” deyirlәr. Ona görә dә yaradılmış istillәrin (su anbarlarının, sututarlarının) adları sadalananda hәr zaman, hәr yerdә “se” sözünü oxuyacaqsınız.

Sahәsi 90 hektara çatan istil “Diyә se” adlanır. “Diyә se” - kәndin istili, yaxud kәnd istili mә’nasını verir.

İstillәrin qabağında bәnd atırdılar. Ona “seә pu”, “seә po” - yә’ni istilin ayağı deyirdilәr. Bәnd nә qәdәr möhkәm olardısa o qәdәr böyük su ehtiyatını qoruyub saxlamaq olardı. Hәr il erkәn payızda bәndi - “seә pu”nu bәrkitmәk lazım gәlirdi. Çayırlı iri torpaq parçalarını - “kızım”ı bәndin üstünә, yanlarına düzüb tapdalayardılar. Bu әmәliyyat әn böyük istillәr üçün edilәrdi. İstillәrin böyüyü onun su tutumu ilә ölçülәrdi.

Yadımda qalan istil adları bunlardır: Diyә se - kәnd istili, peşkonә se - arxa istil, piyonә se - qәdim istil, jin se - aşağı istil, nuә se - tәzә istil, qәdә se - kiçik istil, daşandә se - (sәpmәk üsulu ilә çәltik әkininә talışca daşandә deyilir, hәmin çәltik әkininә xidmәt edәn istil dә “Daşandә” adlanırdı. Daşandәnin bir mә’nası da çimizdirmәk demәkdir. Sәpilmәklә әkilәn çәltik sahәsini tez-tez çimizdirirdilәr - yә’ni suvarardılar), tüklә se - (“tük” - bicar demәkdir, tüklә - kiçik bicar demәkdir) - kiçik bicarlığa xidmәt edәn istil, Moradi se -Muradın istili (vaxtilә Murad adlı kişinin bicarına - çәltik sahәsinә xidmәt etdiyinә görә belә adlanır. Murad talışca Morod adlanır), Quli se - Qulәbabanın istili, İsa se - İsa kişinin istili (İsanın istili), tıbә se - qәbristan istili (qәbir istili), sığnә se - daşlı istil, Şammәdi se - Şammәdin istili, İli (Əbülfәt) se - İlinin istili, Şәmsi se - Şәmsinin istili, Mәnsimi se - Mәnsimin istili, Tahiri se - Tahirin istili, Əli mamu se - Əli әminin istili, Rüstәmi se - Rüstәmin istili, İbucәli se, kırçi se - Kırçıobanın istili.

Bütün bu istillәr yalnız Qızılavar kәndindә olan tәsәrrüfatlara xidmәt edirdi. Yüz illәrlә istillәr fәaliyyәt göstәriblәr. İstillәr - sututarlar tәsәrrüfata xidmәt etmәklә yanaşı hәm dә gözәllik demәk idi. Yüz hektarlarla sahәni әhatә edәn istillәr balıq mәnbәyi idi. Payız, qış vә erkәn yaz fәsillәrindә dünyanın hәr yerindәn kәndimizә köçәri quşlar qonaq gәlәrdilәr. Onlar çәltik sahәsindә (bicar - mәzә) tökülmüş dәnlәrlә qidalanar vә istillәrdә üzәrdilәr. Yuva qurub balalayardılar. Dәstә-dәstә quşları seyr etmәk adama dünyanı bağışlayardı. Qışda sәrt soyuqlar düşәndә yaşılbaşlar, qaşqaldaq, cüllüt, natınkün … nә bilim neçә adda quşlar hәyәtlәrә doluşardılar, ev quşları ilә hinlәrә girәrdilәr.

Kәndimizin ovçuları ova gedәrdilәr. Köçәri quşları ovlayar, qonşulara paylayardılar, satardılar. Balıq tutardılar. O vaxtlar (1970-1975-ci illәrә kimi) kәnd camaatının çoxu quş әti ilә, balıqla qidalanardı.

Yadımdadır, XX әsrin 50-ci illәrindә qış sәrt gәlmişdi. Axşam çöl-bayır şaxta qoymuşdu. Sular donmuşdu. Sәhәr istillәrә tәrәf gedәnlәr gördülәr ki, istil buz bağlayıb, buzun üstündә yaşılbaş (mıv), qaşqaldağ (çe), qaraayaq (siyolınq) vә s. quşlar donmuşdur. Çoxlarının canı çıxmayıb - yә’ni hәlә ölmәyiblәr. Onda cürәtli oğlanlar buz üstә çıxıb quşlardan kisә-kisә yığıb sahilә çıxartdılar. Böyük әt bolluğu yarandı.

Heyvanlar üçün ot bolluğu yaradırdı istillәr. O zaman kәndimizdә yalan olmasın hәr qapıda 3-4 camış olardı. Hamı camış qatığını tәriflәyәrdi. Camışçılıq haqqında ömür vәfa etsә gәlәn sayılarımızda yazacağıq.

Hal-hazırda kәndimizdә iri istillәrdәn tәkcә Nuә se - tәzә istil durur. Onu da Dәllәkoba kәnd bәlәdiyyәsi qoruyur. Orada balıqçılıq tәsәrrüfatı yaradılmışdır. Kiçik istillәrdәn “Quli se” - Qulәbabanın istili vә “Tahiri se” - Tahirin istili durur. Onlarda su ilin yağışlı aylarında toplanır. Xırda balıqçılıq tәsәrrüfatı vә kiçik sahәlәrin suvarılması üçün istifadә olunur.

Kolxoz vә sovxoz dövründә su işinә baxan adamlar olardı. Onlara suçu -avyar- (talışca ovyo) deyәrdilәr. Onlar suya nәzarәt edәr, suyu çәltik lәklәri arasında bölәrdilәr. Çәltiyi suvarardılar. Mәşhur suçularımız Əli mamu, Xәlil, Teymur, Lütvәli, Müseyib, Şirәli, Dәllәkobada Mailin babası İsrafil, Kәblә İsmayıl, Ağacan, Davud, Kәrbәlayı Əşrәf, Mir Qubad olmuşlar. Kәrbәlayı Şamil 1949-1990-cı illәrdә 40 ildәn yuxarı suçu - avyar (ovyo) işlәmişdir. O hәm dә nümünәvi dindar, din xadimi olmuşdur. Allah onu rәhmәt eylәsin.

İstillәr kәndimizin hәyat mәnbәyi idi.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz