Kәndimizin şairlәri: Tahir Qurbanov / 1947-2004 /

 

O, ŞAİR İDİ, ӘSL ŞAİR

Ötәn әsrin 60-cı illәrindә Qızılavarda bir şair dә meydana gәldi, nәzәrlәri cәlb etdi: Tahir Qurbanov. Rayonda vә Respublikada öz işgüzarlığı ilә tanınan, müharibә iştirakçısı Xalıq Qurbanovun oğlu Tahir. Ondan әvvәl kәndimizin Tofiq İlham, Xanәli Ağayev adlı şairlәri tanınırdı. Lakin Tahir başqa şair idi. Onun özünәmәxsus yolu vardı, cürәtli fikirlәri, tapıntıları vardı. Çox şairlәrin duymadığı, görmәdiyi incәliklәri duyurdu, görürdü vә şe’rә gәtirirdi. “Beşik”, “Na’mәlum әsgәrin mәzarı”, “Gecә” vә s. şe’rlәrindә onun poeziyaya inamlı adımlarla gәldiyini hiss edirik.

Hәmin illәrdә Bakı şәhәrindә mehmanxanada Tahirlә görüşdük. Şe’rlәrimizi bir-birimizә oxuduq, müzakirә etdik. Onun şe’r  duyumunu, tәnqidi baxışlarını, tәhlil üslubunu gördükdә inandım ki, şe’rimizә yeni nәfәs gәlir…

İllәr ötdü. Tahir mәşhur hәkim oldu, Bakı şәhәrindә sakin oldu. Mәrkәzi qәzet vә jurnallara yol tapdı. Gözәl, ürәkaçan şe’rlәr müәllifi Tahir eşitdiyimә görә heç dә tez-tez dәrc olunmağa çalışmayıb, dostları zorla ondan әsәrlәrini alıb çap edirmişlәr. Yә’qin ki, bu xüsusiyyәt şe’rә tәlәbkarlığından, şair mә’suliyyәtindәn irәli gәlirmiş.

Sonralar Tahir hәrbi hәkim kimi fәaliyyәt göstәrir. Qarabağ döyüşlәrindә iştirak edir. Şuşanı son tәrk edәnlәrdәn olur.

Tahir sözün әsl mә’nasında şair idi. Belә bir şair aramızdan vaxtsız getdi. Eşitdiyimә görә gözәl şe’rlәri qalıb, dәrc olunan vә olunmayan.

Qardaşları vә övladları o qiymәtli incilәri kitab halında çap etsәlәr, hәm Tahirin ruhuna, hәm dә biz oxuculara böyük hörmәt etmiş olarlar.

Allah sәni rәhmәt elәsin, Tahir.

Xanәli Tolış / Şair.

Uğur olsun

1966-cı ilin payız ayları idi. Bakıdakı M. Ә. Sabir adına Mәrkәzi Şәhәr Kitabxanasında ilk dәfә idi ki, әdәbi mәclis aparırdım. Mәclisdә 40 nәfәrә yaxın oğlan vә qız – müәllim, tәlәbә, fәhlә, evdar qadın vardı…

Әdәbi mәclisә gәlәnlәrin yaradıcılığı ilә tanış olmak üçün onları bir-bir dinlәmәyә başladım. Şe’r dә oxuyanlar oldu, hekayә dә, oçerk dә… Ara-sıra ürәyimә yatan misralar, şirin parçalar eşitsәm dә, düzü, hәlә heç birindәn әmәlli-başlı razı qalmamışdım.

Birdәn… Uzun, arıq bir oğlan ayağa qalxdı. Öz adından әvvәl oxuyacağı şe’rin adını dedi: “Әlifba”. Şe’rin ilk misraları mәni silkәlәdi:

“Körpәlik-ömrün әlifbasıdır,

Dan qızartısı-sәhәrin.

Mәhәbbәtin әlifbası-

Baxışlardır-odlu, dәrin…”

Şe’r oxunduqca obrazlı ifadәlәr bir-birini әvәz edirdi. Cavan şair deyirdi:

“Dünyada әlifbalar var-

Tәzәli-köhnәli, uzun-gödәk.

Dünyada zәncilәr var-

Yan-yana düzülüb

“Azadlıq” sözünü yaratmış

Qara mәtbәә şriftlәritәk…”

Şe’r oxunub qurtardı. Mәclisә ani bir sükut çökdü.

Onun adını soruşdum. Öyrәndim ki, Tahir Qurbanov N. Nәrimanov adına Azәrbaycan Dövlәt Tibb İnstitutunun birinci kursunda, pediatriya fakültәsindә oxuyur. 1947-ci ildә Masallının Qızılavar kәndindә doğulub.

Hәmin gün Tahir neçә şe’r oxudu. Çoxu xoşumuza gәldi, әlbәttә, әn yaxşısı “Әlifba” şe’ri idi! Şe’ri dәrhal alıb “Azәrbaycan” jurnalı redaksiyasına gәtirdim. Zәnnimdә yanılmamışdım. Şe’r yekdilliklә bәyәnildi vә elә hәmin il jurnalın 11-ci nömrәsindә dәrc olundu.

Bәli, Tahir Qurbanov çox sevdiyi poeziya alәminә-sәnәtin böyük yoluna öz “Әlifbası” ilә qәdәm qoydu. Çox çәkmәdi ki, oxucular “Azәrbaycan” jurnalının 1968-ci il 2-ci nömrәsindә onun yeni şe’rlәrini gördülәr.

Moskvada abidәsi ucaldılmış namә’lum әsgәrә çox şe’r hәsr olunub. Vәtәnin sәadәti yolunda hәlak olmuş adsız Sovet döyüşçüsünü Tahir dә özünә xas olan sәmimiyyәtlә tәrәnnüm etmişdir:

“Qәlbindә basdırıb onu bu ölkә,

Meydanlar,

         küçәlәr

                   naxış-naxışdır.

Bir yol

         Moskvada olmağı bәlkә

Min yol

         Sağlığında arzulamışdı”.

Tahir adi kağıza yazılan nekroloqları qәhrәman әsgәrә layiq bilmir. Elә buna görә dә deyir ki:

“Ona yazılası nekroloqları

Yazın gözlәrimin qarasına siz!”.

Cavan şair, әsgәrin yatdığı mәzara da poetik mә’na verir:

“…Qanlı şinelini soyunan әsgәr

Torpağı әyninә geyib elә bil…”.

Tahir Qurbanovun jurnalda dәrc olunmuş “Gecә”, “Yuxuda görüş” vә başqa şe’rlәrindәn dә bu gür xoşa gәlәn, bәdii cәhәtdәn kamil, tutarlı misallar gәtirmәk olar.

Tahirin şe’rlәrindә poetik tәfәkkür güclüdür. O qәlәmә aldığı әn adi predmeti mә’nalandırmağa çalışır vә çox zaman buna nail dә olur.

Tahir poetik savadını artıran, ardıcıl mütaliәsi olan gәnclәrimizdәndir. O, dünya әdәbiyyatının әn böyük söz ustalarının yaradıcılığını izlәyir, onların әsәrlәrini oxuyur, öyrәnә-öyrәnә oxuyur.

Yeri gәlmişkәn, cavan dostuma bir tövsiyәm var; o bә’zәn bir şe’ri obrazlı ifadәlәrlә hәddindәn artıq yüklәyir. Bu da, әslindә, yaxşı olan şe’rә ağırlıq gәtirir, onun bәdii qiymәtini azaldır.

Budur, Tahirin söz qığılcımları “Ulduz”un sәhifәlәrinә qonaq gәlmişdir. Әdәbi gәncliyimizin xeyirxahı, pasibanı “Ulduz” cavan bir müәllifin dә yoluna çıraq tutur.

Bu ulduzlu, bu işıqlı yolda sәnә uğur olsun, Tahir.

Ağacavad ӘLİZADӘ

 

 

Tahir QURBANOV

NAMӘLUM ӘSGӘR

Qәlbindә basdırıb onu bu ölkә,

Meydanlar,

küçәlәr

naxış-naxışdır.

Bir yol

Moskvada olmağı bәlkә

Min yol

sağlığında arzulamışdı.

 

Nә hәzin çalınıb toyu,

mağarı…

Alışın

bu dәrdin

çarasına siz.

Ona yazılası nekroloqları

Yazın gözlәrimin qarasına siz.

 

Görәn harda bitdi

bir ömrün sonu?!

Aldılar gözündәn Ayı, Günü dә.

Dunya duymamışdı doğulduğunu,

Dünya

bilmәyibdir öldüyünü dә.

 

… O gәlәn ananın taleyinә bax!..

Qamәti gör necә bükülüb onun.

Gözlәri

çuxura düşmәyibdir,

Yox!..

Gözlәri

Әsgәrә dikilib onun.

 

Yanır sinәlәrin dağı, düyünü…

Ağaclar bәzәnir

qışla, baharla.

Burada anaların demәdiyini

Körpәlәr söylәyir

qığıltılarla.

 

Ay sәma, sinәndә bir ulduz batır,

Ay dәniz, qayalar axır qum kimi.

Ay torpaq,

qoynunda bir igid yatır, -

Yatır

Bәrәkәtli bir toxum kimi …

 

… Payızı

çiyninә alıb külәklәr,

Ötür bulaqlar da

hardasa dil-dil.

Qanlı şinelini soyunan әsgәr,

Toprağı

Әyninә geyib elә bil …

 

GECӘ

Göydә topa bulud yanar zәr kimi…

Kimsә iş üstündә silәr tәrini.

Günәş dә yuxulu körpәlәr kimi

Endirir qızıla kipriklәrini.

 

Ulduzlar bağrına çökәr Vilәşin,

Gecә hәzin-hәzin sızar qanıma.

Anam gözlәrimdәn alıb günәşi,

Bükәr duz әtirli dәstәdxanına.

 

Hardasa qovrular tәnha bir çinar,

Alışar arzusu göyün, yerin dә.

Әtri gözlәrimә dolub yandırar

Bәnövşә qoxulu hörüklәrin dә.

 

Dinәr qoca aşıq… Köz tutar ocaq.

Baxışlar zillәnәr çәmәnә, çölә –

Elә bil dәrәdәn Eyvaz çıxacaq

Şәvә saçlarının durna teliylә.

 

Qocanın gözündә min hәsrәt yaşar,

Yanarsan simlәrin ahu-zarına.

İşıq salxımları daşıb-qarışar

Nәğmәli söyüdün salxımlarına.

 

Dolar dәrәlәr dә harayla, qıyla,

Qәlbә nur süzülәr sükut yerinә.

Gecә ovuc-ovuc işıqlarıyla

Doluşar az qala bәbәklәrinә.

 

Bağça layla çalar körpә reyhana,

Nişanlı qızların yanağı pörtәr.

Söndürüb otaqda çırağı ana,

  Körpәnin üstünü gecәylә örtәr…

 

Min әtir çilәyәr gözlәrә yuxu,

Quş kimi çırpınar burda baxışlar.

Gecә - analara yuxusuzluğu,

Gecә - körpәlәrә yuxu bağışlar…

 

YUXUDA GÖRÜŞ

Qapınızdan girәcәyәm bir axşam,

Qarışacağam

fikirlәrinin axarına.

Döyәcәyәm göz qapaqlarını,

Sonra

barmaqlarımın ucunda

addımlayacağam yuxularına.

 

Yuxularında tәnha olmazsan,

Yuxularını yaşayacağıq

bir körpәnin ilk sәhәri kimi.

Yuxularını yaşayacağıq

Sonu yaxşılıqla qurtaran

nağıllarımız kimi.

 

Baş-başa duracağıq sonra…

Sәs-sәsә duracağıq sonra…

Sәsimizi yoracaq bәxtiyarlığımız.

Sükut barmağını dirәyәcәk

dodaqlarımıza.

Bayırda tufan qopacaq,

bir söyüd titrәyәcәk hardasa

yalqız-yalqız.

 

Gözlәrimizdәn keçәcәk

nağıllı gecәlәrimiz,

Sonra Mәlik Mәhәmmәd,

sonra bir ovuc duz.

Sonra da

tellәrini qaraldacaq

alma çiçәyi kimi

ağappaq yuxumuz.

 

Hәsrәt yol tapsa ürәyimizә,

gülüşlәrimizlә

qanad açaq onda.

Bir pәncәrә şüşәsindә

sına bilәr yuxularımız.

Çiliklәri

Ürәyimizi qanadacaq onda.

 

Yuxular ümid kimi sonsuz,

Ümid kimi dәrin.

Sәhәr mәn olmayacağam, quzum,

Tellәrin ağaracaq yenә,

Tellәrin!...

 

BEŞİK

Dünyanın

tәk vәtәndaşlı ölkәsi…

Dәrdlәrimizlә

qoşa böyüyәrik burada.

Qoşa böyüyәrik

qonşu qızlarıyla,

qaraağac kölgәlәriylә,

Bir ana sevinciylә,

Bir ana kәdәriylә.

Sinәsindә yaddaşımız

                            böyüyәr,

Yaddaşımız bәrkiyәr

                            sinәsindә –

Qobustan qayaları kimi.

Dәstәsindәn

yuxusuz gecәlәri asılar

analarımızın,

qara mirvari kimi.

Qışqıranda

sәsimizi aldadarlar,

sәsimizi…

Qaya dözümlüdür analar,

Dәniz nәğmәlidir analar,

Hәr insan ağrısında,

Hәr beşik başında

bir dünya ana var.

Dünyanın әn kiçik ölkәsi,

dünyanın әn isti yuvası.

Çalınmamış

Toylarımızın “Vağzalı”

                            havası.

Tufanlarına sığışmışıq

Laylalarda gül açan

baharımızın;

Laylalar –

“Beynәlmilәl”idir,

analarımızın.

 

Atam üçün

 

Bir aylı gecәdәn çıxıb gәlmişәm,

Saçımda, gözümdә qalıb işığı.

Bir aylı küçәdәn keçib gәlmişәm,

İndi dә gedirәm küçә aşağı,

Baş alıb gedirәm gecә aşağı.

 

Bu aylı gecәdәn, de, mәnә nә var?!

Bir nağıl istәdim, indi yox o da…

Aylı gecәlәrdә körpә balalar

Ağ atlı oğlanlar görür yuxuda.

 

Kiminsә sәsindә donur gülüşü,

Dünya dağlarının güney yeri ağ…

Yanan ocaqların odu gümüşü,

Sönmüş ocaqların kösövlәri ağ.

 

Ulduzlar döyünür pәncәrәlәrdә,

Baxışım, baxışım üşüyür bir az.

Aylı gecәlәrdә, ağ gecәlәrdә

Dünya ağ yalana oxşayır bir az.

 

Elә bil bu gecә aydan düşmüşәm,

Ay ata, elә bil göydәn düşmüşәm…

Sinәmdә döyünәn aylı ürәklә

Vuruşa-vuruşa heydәn düşmüşәm.

 

Ot olub qayada bitә bilmirәm,

Apara bilmirәm dünyanı burdan,

Burda da saxlayıb gedә bilmirәm,

Günәşin işığı düşür barıdan.

 

Bu aylı gecәdә bir ağ bulud var,

Yağışı sevincә, dәrdә yağası.

Dәymәmiş alçatәk turş bir ümid var,

Bir dә,

         bir hamilә gәlin yuxusu.

 

Dünya mürgülәyә bilir birtәhәr,

Dünyanı yolundan saxlamaq olmur…

… Köhnә qәzetlәrә oxşayır şәhәr –

Köhnә qәzetlәri oxumaq olmur.

 

Ovcuma sığınıb, qızınır dәniz

Zülmәtlә işığın qarışığında…

Dayanıb durmuşuq gün-günorta biz –

Dünya – gün işığında,

Ürәyim – ay işığında…


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz